'Xiaomi', əjdaha kimi çərçivəsiz flaqman Mi Mix 2-ni və orta büdcəli Mi Note 3-ü təqdim etdi

11.09.2017 0 PAYLAŞIM 2152 OXUNMA

“Xiaomi”, iPhone 8-in təqdimatından bir gün qabaq keçən ilki dəbli Mi Mix modelinin yeni versiyasını təqdim etdi.

Şirkət keçən ilki flaqmanın konsepsiyasını saxlayaraq onun kənar çərçivələrini daha da nazik edib. Keçən ilki Mi Mix, konseptual model olduğundan onda bir qədər mənfi özəlliklər var idi. Lakin yeni versiyada həmin mənfi özəlliklər aradan qaldırılıb. “Mi Mix, gələcək smartfonların necə görünəcəyinə ilk işarə idi. Biz, hamının gözləntilərini üstələyən dizayna sahib və çərçivəsiz ekranlı smartfon trendini verən konseptual cihaz hazırladıq. Mi Mix 2, gələcəyin artıq çatdığını bildirir. Bu, dizayn və texnologiya sahəsində innovasiyalara sahib olaraq daha çox insan üçün nəzərdə tutulmuş və gözləntilərin daha üst səviyyəsində olan təcrübi telefondan baş vermiş təkamüldür” – deyə şirkətin CEO-su Lei Jun, təqdimat vaxtı qeyd edib. Xarici görünüşcə yeni versiya, keçən ilki modeldən fərqlənmir.


Arxa qapaq yenə də keramikadan hazırlanıb. Lakin bu dəfə hər 4 kənar tərəfdən əyilmiş formaya sahibdir. Gövdənin çərçivələri isə alüminiumdan hazırlanıb. Arxa paneldə bir ədəd kamera, ikiqat işıqlandırma sistemi və barmaq izi skanı yerləşir. Əsas dəyişiklik isə smartfonda adi səsgücləndirinin olmasıdır. O, ekranın alt hissəsində yerləşir. Nəticədə danışıq zamanı səs keyfiyyəti, keçən ilki versiyadan daha yaxşı olmalıdır. Texniki göstəricilərinə gəldikdə isə Mi Mix 2, 5.99 inç IPS ekran (alt çərçivə, 12% daha kiçilib), 8 nüvəli Snapdragon 835 prosessoru, Adreno 540 qrafik çipi, 6 GB RAM, 64/128/256 GB daxili yaddaş, Sony IMX386 sensoruna sahib 12 MP-lik arxa və 5 MP-lik ön kamera, 3400 mAh enerji tutumlu batareya ilə təchiz olunub. 64 GB daxili yaddaşa sahib versiya, 505$, 128 GB daxili yaddaşa sahib versiya, 550$, 256 GB daxili yaddaşa sahib versiya isə 615$ qiymətində satışa çıxacaq.


Xiaomi” həmçinin Mi Note seriyasının 3-cü nəslini təqdim etdi. Faktiki olaraq təqdim olunmuş Mi Note 3, Mi6-nın bir qədər böyüdülümüş versiyasıdır. Belə ki, o, Mi6-nın dizaynını, ikiqat optik zoom özəlliyinə sahib ikili arxa kamerasını və ucuz qiymətini özündə birləşdirir. Lakin texniki göstəricilərə görə yeni model, Mi6-dan fərqlənir. Bununla yanaşı “Xiaomi”, “Apple” ilə zarafat etmək imkanını qaçırmayaraq yeni modelin, iPhone 7 Plus ilə eyni ekran ölçüsündə olmasına baxmayaraq “Apple” məhsulundan daha kiçik olduğunu da qeyd edib. Diqqətli istifdəçilər isə fikir veriblər ki, təqdim olunmuş fotoda iPhone 7 Plus deyil, iPhone 6 və ya iPhone 6S Plus modeli əks olunub. Mi Note 3, ön və arxa panel cəhətdən Mi6-nı xatırladır. Belə ki, o da metal korpusa sahibdir və hər iki tərəfdən şüşə ilə örtülüb.

Texniki göstəricilərinə gəldikdə isə Mi Note 3, 5.5 inç IPS ekran, 8 nüvəli Snapdragon 660 prosessoru, 6 GB RAM, 64/128 GB daxili yaddaş, ikiqat optik zoom və optik stabilizasiya özəlliklərinə sahib 12 MP-lik ikili arxa kamera, 16 MP-lik ön kamera, sürətli enerji yığma özəlliyinə sahib 3500 mAh enerji tutumlu batareya və USB Type-C girişi ilə təchiz edilib. Bununla yanaşı smartfon, barmaq izi skanı və stereo səsgücləndiricilərə də sahibdir. Mi Note 3-ü, Mi6-dan fərqləndirən əsas özəlliklərindən biri də ön kameradır. Belə ki, Mi6, 8 MP-lik ön kameraya sahib olduğu halda, Mi Note 3, 16 MP-lik ön kamera ilə təchiz olunub. Bundan əlavə olaraq yeni modelin ön kamerası həmçinin çəkilmiş fotoların keyfiyyətlərini yaxşılaşdırmaq üçün Adaptable AI Beautify texnologiyası ilə təmin olunub. 6 GB RAM və 64 GB daxili yaddaşa sahib qara rəngli model, 385$, 6 GB RAM və 128 GB daxili yaddaşa sahib qara rəngli model, 445$, 6 GB RAM və 128 GB daxili yaddaşa sahib göy rəngli model isə 460$ qiymətinə satılacaq.

Keçən il “Xiaomi” öz ilk noutbooku olmuş Mi Notebook Air-i təqdim etmişdi. O, 12.5 və 13.3 inç ekran versiyalarında satışa çıxmışdı. Bu müddət ərzində şirkət onun bir neçə yenilənmiş versiyasını təqdim etdi. Lakin bütün bu məhsullar arasında şirkətin sözün əsl mənasında yüksək texniki performansa sahib noutbooku yox idi. İndi isə şirkət bunu düzəltməyə qərar verdi və Mi Notebook Pro-nu təqdim etdi. Kompakt və yüksək texniki performansa sahib olan bu noutbook  15.6 inç-lik ekranla təchiz olunub. Onun korpusu aluminiumdan hazırlanıb və Mi Notebook Air kimi minimalistik dizayna sahibdir. Mi Notebook Air-də olduğu kimi Mi Notebook Pro-nun ekranı da hər tərəfdən nazik çərçivələrə sahibdir və ekranın özü şüşə ilə örtülmüşdür. Ekranın alt hissəsində Mi loqosu olduğu halda, cihazın qapağı, loqodan azad edilib. Şirkət həmçinin yeni modeli, sonuncu MacBook Pro ilə də müqayisə edib. Şirkətin bildirdiyinə görə Mi Notebook Pro-da klaviatura 19% daha böyükdür.

Bu isə mətnin yazılmasında böyük komfortluq yaradır. Klaviaturanın aşağı hissəsində isə barmaq izi skanına sahib touchpad yerləşir. Bundan əlavə olaraq şirkət qeyd edib ki, MacBook Pro-da 4 ədəd USB Type-C girişinin olduğu halda, Mi Notebook Pro, 2 ədəd USB Type-C, 2 ədəd USB 3.0, HDMI və yaddaş kartı girişlərinə sahibdir. Mi Notebook Pro, 40% daha güclü hava axını yaradan və simmetrik şəkildə yerləşdirilmiş 2 ədəd ventilyator vasitəsilə soyudulur. Texniki göstəricilərinə gəldikdə isə Mi Notebook Pro, 4.0 GHz tezlikli 8-ci nəsil 7 nüvəli Intel Core i7 prosessoru, NVIDIA GeForce MX150 videokartı, DDR4 tipli iki kanallı 16 GB RAM, 256 GB PCIe SSD daxili yaddaş, sürətli enerji yığma özəlliyinə sahib 60 kilovat-saat enerji tutumlu batareya və geniş səs sistemi olan Dolby Atmos ilə təchiz olunub. Mi Notebook pro, Windows 10 əməliyyat sistemi vasitəsilə çalışacaq. Intel Core i7 prosessoruna və 16 GB RAM-a sahib olan versiya, 1075$, Intel Core i7 prosessoru və 8 GB RAM-a sahib versiya, 983$, Intel Core i5 və 8 GB RAM-a sahib versiya isə 860$ qiymətinə satılacaq. Satış tarixi haqqında məlumatın isə sonradan veriləcəyi qeyd olunub.