Logo
    Xona santimetr dəqiqliyində GPS alternativini 6 peyklə sınayacaq

    Xona santimetr dəqiqliyində GPS alternativini 6 peyklə sınayacaq

        “Xona Space Systems” GPS-ə kommersiya alternativi olan “Pulsar” xidmətini işə salmağa hazırlaşır. “SpaceX” bu ay şirkətin 6 peykini orbitə çıxaracaq. Ardınca xidmət real müştərilərlə beta sınaqlarına başlayacaq. 2019-cu ildə 5 mühəndisin qurduğu şirkət daha dəqiq və müdaxiləyə daha davamlı naviqasiya sistemi yaratmaq istəyir.
        GPS, eləcə də Avropa, Çin və Rusiyanın oxşar şəbəkələri pulsuz siqnal yayır. Ancaq bu siqnalları bloklamaq və saxta siqnallarla çaşdırmaq nisbətən asandır. Üstəlik, dəqiqlik bir neçə metr olduğu üçün kənd təsərrüfatı robotlarına və sürücüsüz avtomobillərə təkbaşına kifayət etmir. “Xona Space Systems”ın iddiasına görə, “Pulsar” mövqeni santimetr dəqiqliyi ilə müəyyənləşdirəcək. Daha güclü siqnalı binaların içində və sıx şəhər ərazilərində də tutmaq olacaq.
        Orbitə göndəriləcək peyklərdən 4-ü ötən il texnologiyanı yoxlamaq üçün işlədilən prototipə bənzəyir. Onlar “Aerospace Labs” platforması əsasında hazırlanıb. Digər 2 peyki “Xona Space Systems” özü istehsal edib. Bunlar “Pulsar”ın 258 peykdən ibarət tam şəbəkəsinin ilk hissəsi olacaq. Şirkət bahalı atom saatlarından imtina edib. Bunun əvəzinə peyklərin Yerə yaxın olmasından və yerdəki vaxt mənbələri ilə əlaqədən yararlanan sistem qurub.
        “Xona Space Systems” sadə proqram yeniləməsi ilə “Pulsar” siqnallarının indiki GPS qəbuledicilərində tutulmasına da nail olub. Orbitə çatdıqdan sonra 6 peyk orta coğrafi enliklərin üzərindən gündə təxminən 8 dəfə keçəcək. Bundan sonra real müştərilər sınaqlara qoşula biləcəklər. Elektron vaxt sistemləri hazırlayan “TimeBeat” ilkin sınaq zamanı dünyadakı cihazlarının vaxt göstəricilərini yoxlamağı və düzəltməyi planlaşdırır.
        Şirkət 2028-ci ilədək ABŞ, Avropa, Yaponiya və Cənubi Koreyanı tam əhatə etməyi planlaşdırır. “Xona Space Systems” yarandığı vaxtdan 300 milyon dollardan bir qədər çox (təxminən 510 milyon manat) sərmayə cəlb edib. Bu məbləğin 20 milyon dolları (təxminən 34 milyon manat) ABŞ Kosmik Qüvvələrindən gəlib. Texnologiya gələcəkdə avtonom nəqliyyatla yanaşı, aviasiyada və dəqiq vaxt göstəricisi tələb edən elektron sistemlərdə də işlədilə bilər.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...