main-post-cover

    Yapon peyki kosmik tullantıları lazer şüası vasitəsilə məhv edəcək: Bu proses necə baş verəcək?

    Elm & Texnologiya
    06.07.2020
    Emil Nəcəfov
        Kosmik tullantılar günümüzdə olan böyük problemlərdən biridir. Alimlərin hesablamalarına əsasən Yer kürəsinin orbitində 170 milyona yaxın kiçik obyekt var. Həmin kiçik obyektlər kosmosun müşahidə olunması və kosmik raketlərin göndərilməsində ciddi problemlər yarada bilərlər. Yapon tədqiqatçılar bu problemi aradan qaldırmaq üçün orijinal həll yolu tapıblar. Belə ki, onlar kiçik obyektləri lazer şüası ilə məhv etməyi bacaran xüsusi peyki Yer kürəsinin orbitinə göndərmək istəyirlər.
        Bu barədə Dailymail saytı xəbər verib. Yer kürəsinin orbitinə lazer şüasına sahib xüsusi peykin göndərilməsi ideyası Yaponiyanın JSAT şirkətinə sahibdir. Sözügedən peyk 2026-cı ildə Yer kürəsinin orbitinə göndəriləcək. İlkin mərhələdə bu peyk artıq sıradan çıxmış peyklərdən və digər kiçik süni obyektlərdən ayrılmış kiçik tullantılar üzərində test olunmağa başlayacaq. Peyk böyük olmayan impulslar buraxa bilən zəif lazer sistemi ilə təchiz olunacaq. İdeyanın məğzi Yer kürəsinin orbitində olan kiçik obyektləri bir dəfəlik məhv etmək yox onları əritməkdir.
        Belə ki, peykdə olacaq lazerin gücü kosmik tullantıları tamamilə məhv etməyə çatmayacaq. Məsələ burasındadır ki, hər hansısa bir kiçik obyekt sözügedən lazerdən impulsa məruz qaldıqdan sonra qaz ifraz etməyə başlayacaq. Həmin qaz isə obyektin uçuş traektoriyasını dəyişərək onu Yer kürəsinin atmosferinə tərəf yönəldəcək. Nəticədə Yer kürəsinin atmosferində obyekt tamamilə yanacaq. Peykin çəkisi 270 kq-320 kq olacaq. O, kosmik tullantıların daha çox olduğu 560 km-970 km yüksəklikdə yerləşəcək. Baxmayaraq ki, bu cür yüksəklikdə yerləşən kosmik tullantıların ölçüləri bir neçə santimetrdir, alimlərin sözlərinə əsasən onlar digər peyklərə ciddi zərər vura bilərlər.
    Linki kopyala