Logo
    Yaponiya Marsın peyki Fobosa özü enib süxur toplayacaq aparat göndərəcək

    Yaponiya Marsın peyki Fobosa özü enib süxur toplayacaq aparat göndərəcək

        Yaponiyanın Kosmik Tədqiqatlar Agentliyi “JAXA” Marsın peyki Fobosdan nümunə gətirmək üçün “MMX” missiyasına 20 oktyabr 2026-cı ildə başlayacaq. Kosmik aparat Taneqaşima Kosmik Mərkəzindən buraxılacaq. Missiyanın məqsədi Fobosun səthindən ən azı 10 qram material toplamaqdır. Uğurlu olarsa, Yerə ilk dəfə Marsın peykindən götürülmüş süxurlar gətiriləcək.
    Yaponiya Marsın peyki Fobosa özü enib süxur toplayacaq aparat göndərəcək
        “MMX” aparatının Marsa çatması təxminən 1 il çəkəcək. Bundan sonra missiya planetin orbitində 3 il işləyəcək və Fobosdan nümunələr toplayacaq. Yerə dönüş isə daha 1 il davam edəcək. Buna görə alimlər süxurların 2031-ci ildə Yerə çatacağını gözləyirlər. Nümunələrin araşdırılması Fobos və Deymosun mənşəyini müəyyənləşdirməyə kömək edə bilər. Alimlər bu peyklərin böyük toqquşma nəticəsində kosmosa atılmış maddədən yarandığını, yoxsa Marsın cazibəsinə düşmüş asteroidlər olduğunu aydınlaşdırmağa çalışacaqlar. Nümunələr Marsın səthindən daha əvvəl toplanmış materiallarla da müqayisə ediləcək.
        “Mitsubishi Electric” tərəfindən hazırlanan kosmik aparat buraxılış zamanı 4480 kq ağırlığında olacaq. Bu kütlənin yarıdan çoxunu uçuş, araşdırma və geri dönüş mərhələləri üçün nəzərdə tutulan 3 yanacaq ehtiyatı təşkil edəcək. Aparat Marsa çatdıqda uçuş modulu ayrılacaq. Deymosun yanından keçdikdən sonra isə araşdırma modulu buraxılacaq. Radiusu təxminən 11 km olan Fobosa enmək asan deyil. Peykin cazibə qüvvəsi Aydakından təxminən 300 dəfə zəif, Ryugu asteroidindəkindən isə 50 dəfə güclüdür. Buna görə aparatın səth üzərində uzun müddət havada qalması çox yanacaq sərf edərdi.
        Yer ilə aparat arasında radio siqnalının ötürülməsi 20 dəqiqəyədək çəkə bilər. Buna görə “MMX” eniş və qalxma ilə bağlı qərarları özü verəcək. Bunun üçün yüksək dəqiqlikli avtomatik naviqasiya sistemindən yararlanacaq. Eniş zamanı sistem Fobosun krater xəritəsini real görüntülərlə müqayisə edərək aparatın mövqeyini düzəldəcək. Hündürlük 300 metrdən aşağı düşəndə səthdəki təhlükəli nahamarlıqlar müəyyənləşdiriləcək. Lazım gələrsə, aparat başqa eniş nöqtəsi seçəcək və ya enişi dayandıraraq yenidən yüksələcək.
        Əsas aparat enməzdən əvvəl Fransa və Almaniyanın kosmik agentliklərinin hazırladığı kiçik “IDEFIX” tədqiqat aparatı Fobosa buraxılacaq. “IDEFIX” təxminən 100 gün müstəqil araşdırma aparacaq və daha təhlükəsiz eniş üçün ərazini yoxlayacaq. Əsas aparat endikdən sonra onun robot qolu silindrik boruları səthə yeridərək nümunə götürəcək. “NASA”nın hazırladığı başqa bir qurğu isə azot axını vasitəsilə səthin üst qatındakı incə toz hissəciklərini toplayacaq. Alimlərin gözləntisinə görə, materialın təxminən 0,1 faizi meteorit zərbələri nəticəsində Marsdan qoparaq Fobosa düşmüş qalıqlardan ibarət olacaq.
        “MMX” missiyasının dəyəri təxminən 345 milyon dollar (təxminən 586,5 milyon manat) təşkil edir. Bu, Yaponiyanın son 28 ildə Marsa göndərəcəyi ilk tədqiqat aparatıdır. Missiya Fobos və Deymosun mənşəyini aydınlaşdırmaqla yanaşı, Marsdan nümunə gətirmək və geri dönüş uçuşları üçün yeni texnologiyaların sınaqdan keçirilməsinə imkan verəcək. Toplanan materialın Yerə təhlükəsiz çatdırılması gələcək Mars missiyaları üçün mühüm texniki sınaq sayılır.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...