
Yeni dizayna sahib Xperia XZ2 və XZ2 Compact modelləri təqdim olundu
Elm & Texnologiya
26.02.2018
Emil
“Sony” şirkəti hal-hazırda Barselonada keçirilən MWC 2018 konqressində təşkil etdiyi tədbir çərçivəsində yeni Xperia XZ2 və onun kompakt versiyası olan Xperia XZ2 Compact modellərini təqdim etdi.
Təqdim olunmuş yeni smartfonlar
şirkətin 18:9 nisbətində ekrana sahib olan ilk modelləridir və onlar əvvəlki
versiyalardan fərqli olaraq tamamilə yeni dizayna sahibdirlər. Xperia XZ2
modelinin bütün ön paneli Gorilla Glass 5 şüşəsi ilə qorunur. Bundan əlavə
olaraq bu model şirkətin ilk smartfonudur ki, 18:9 nisbətində HDR Full HD+
keyfiyyətli 5.7 düyümlük ekrana sahibdir. “Sony” başa düşür ki, ekran ölçüsünün
13% böyüdülməsi çox zaman istifadəçinin onu bir əllə istifadəsində çətinliklər
yaradır. Buna görə də smartfon bu baxımdan xüsusi rejimə sahibdir. Həmin rejim
vasitəsilə smartfonun interfeysini kiçildərək, onu aşağıdakı künclərdən birinə
yerləşdirmək mümkündür.

Smartfonun kənar çərçivələri metaldan hazırlanıb və
smartfonu əlavə dözümlülük ilə təmin edir. Xperia XZ2-nin əsas dizayn özəlliyi
isə onun şişmiş arxa qapağa sahib olmasıdır. Şirkət bu cür dizayn qərarını bir
neçə səbəbə görə verib. İlk öncə bu cür arxa qapağa sahib smartfon istifadəçi əlində
daha rahat yerləşir. İkincisi bu cür üsulla arxa kameranın səthə çıxması
problemi aradan qaldırılıb. Əsas müsbət cəhət isə ondan ibarətdir ki, bu cür arxa formaya sahib
smartfonun daxilinə daha böyük batareya həcminin yerləşdirilməsi mümkün olub.
Şirkət bu yeni dizaynı Ambient Flow adlandırıb. Yeni dizayna keçid özəlliyində
həmçinin onu da qeyd etmək lazımdır ki, smartfonun sağ tərəfində kamera idarəetməsi
üçün xüsusi düymə yerləşdirilib.

Smartfonun arxa panelinin mərkəzində barmaq
izi skanı texnologiyası yerləşdirilib. Barmaq izi skanından yuxarı hissədə isə
bir ədəd kamera, lazer avtofokusu və işıqlandırma sistemi yerləşir. “Sony”
yenidən əsas diqqəti kameraya ayırıb. Belə ki, XZ2 modeli dünyanın ilk
smartfonudur ki, 4K HDR formatında videoçəkilişi etməyi bacarır. Əvvəlki
modellərdə olduğu kimi yeni smartfonlarda da Motion Eye kameralarından istifadə
olunub. Bu kameralar sayəsində saniyədə 960 kadr olmaqla slow-mo videolar çəkmək olar. Bundan əlavə olaraq
yeni smartfonda istifadəçi üzünün 3D skan texnologiyası da təkmilləşdirilib.
Belə ki, şirkətin serverlərindəki xüsusi hesablamalar sayəsində 10 dəfə daha
keyfiyyətli təsvirlər əldə etmək olur.

Smartfon həmçinin daha geniş imkanlara
sahib 3D Creator tətbiqini də dəstəkləyir. Beləliklə istifadəçi nəinki təkcə
arxa kamera vasitəsilə öz dostlarının və ya digər obyektlərin 3D modellərini, həmdə ön kamera vasitəsilə özünün 3D modelini yarada biləcək. Texniki
göstəricilərə gəldikdə isə Xperia XZ2 Snapdragon 845 prosessoru, 4 GB RAM, 64
GB UFS daxili yaddaş (400 GB-a kimi microSD dəstəyi), 19 MP-lik arxa, 5 MP-lik
ön kamera, 3180 mAh enerji tutumlu batareya (naqilsiz və sürətli Qi enerji
yığma özəllikli), iki SIM kart girişi və USB Type-C girişi ilə təchiz olunub.

Şirkət XZ2 Comapct modelini dünyanın ən kompakt 5 düyümlük ekrana sahib
smartfonu adlandırır. 4.6 düyümlük ekrana sahib Xperia XZ1 Compact modelindən fərqli
olaraq yeni model 6 mm daha uzun və1 mm daha geniş olub. Onun korpusunun dizaynı adi XZ2-dəki kimidir. Lakin XZ2-dən fərqli olaraq kompakt
versiyanın kənar çərçivələri alüminiumdan hazırlanıb. Onun arxa paneli də
XZ2-nin arxa panelindən fərqlənir. Belə ki, barmaq izi skanı arxa panelin
ortasından bir qədər yuxarı hissədə yerləşdirilib. Arxa kamera isə arxa panelin
ən yuxarısındadır və onun sol tərəfində lazer avtofokusu ilə işıqlandırma
sistemi yerləşir.

Texniki göstəricilərə gəldikdə isə kompakt versiya XZ2-dən
heç də fərqlənmir. Kompakt versiya da həmin özəlliklərə sahibdir. Sadəcə bir fərq
var ki, kompakt versiya 2870 mAh enerji tutumlu batareya ilə təchiz olunub və
onun ön paneli Gorilla Glass ilə qorunmur. Hər iki smartfon Android 8.0 Oreo əməliyyat
sistemi vasitəsilə çalışacaq. Yeni Xperia modelləri bu ilin yaz fəslində satışa
çıxacaqlar. Şirkət onların qiymətləri barəsində heç bir məlumat verməyib.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
