
Yeni nəsil Tesla Optimus robotu görüntülənib
Elm & Texnologiya
08.09.2025
Emil
Salesforce və Tesla rəhbərlərinin son görüşü zamanı onların diqqətini yeni nəsil humanoid (insanabənzər) robot Optimus-un prototipi çəkib. Bu robot öz ünsiyyət imkanlarında Elon Musk-a məxsus olan xAI şirkəti tərəfindən hazırlanmış Grok çat-botuna əsaslanır. Hələlik robotla insan arasında dialoqu qüsursuz adlandırmaq olmaz, lakin bir neçə cəhddən sonra ondan arzulanan cavabı almaq mümkündür. Marc Benioff Tesla-nın qərargahına səfəri zamanı qısa bir video çəkib. Ssenariyə görə, o, humanoid robot Optimus ilə söhbət edir və ondan qazlı içki tapmağın mümkün olub-olmadığını öyrənməyə çalışır.

Robot isə cavab verir ki, bu mövzuda aktuallığı olan məlumata malik deyil və suala cavab vermək üçün mətbəxə getmək lazımdır. Bundan sonra ona ardıcıl bir neçə əmrin verilməsi tələb olunur ki, qonağı mətbəxə aparsın. Nəticədə robot bunu yerinə yetirməyə başlayır və hərəkət zamanı ayaq-qollarının səsi eşidilir. Əvvəlki açıq rəng çalarlarından fərqli olaraq, Optimus robotunun bu prototipi daha tünd qızılı rəngdə təqdim edilib.
Robotun əl barmaqları da əvvəlki prototiplərdən fərqli görünür - onlar artıq açıq oynaqlardan məhrumdur, lakin videoda göstərilən versiyanın ümumiyyətlə öz funksiyasını yerinə yetirib-yetirmədiyini dəqiq söyləmək mümkün deyil. Elon Musk daha əvvəl qeyd etmişdi ki, Tesla mühəndisləri əl manipulyatorlarının təkmilləşdirilməsinə xüsusi diqqət ayırırlar. Son variantda icra mexanizmləri ön qol nahiyəsinə yerləşdirilib və barmaqlar kabel vasitəsilə idarə olunur. Şirkətin rəhbəri burada insan anatomiyası ilə oxşarlıq gördüyünü bildirib. Musk əmindir ki, gələcəkdə Optimus robotları Tesla şirkətinin gəlirlərinin 80%-ə qədərini formalaşdıracaq.
Paylaş