Logo
    main-post-cover

    Yeni robot Rubik kubunu göz qırpımından daha sürətli yığır (VİDEO)

    Elm & Texnologiya
    15.05.2025
    Emil
         ABŞ-da yeni yaradılmış bir robot Rubik kubunu rekord vaxtda - cəmi 0.103 saniyəyə yığır. Bu, Yaponiyadan olan əvvəlki modeldən təxminən 3 dəfə sürətlidir və nəticə olaraq Ginnesin Rekordlar Kitabına düşüb. Robot tapşırığı həll edənə qədər insanın göz qırpmağa belə vaxtı çatmır, çünki orta hesabla bir göz qırpımı 0.2-0.3 saniyə çəkir. ABŞ-ın İndiana ştatının Vest-Lafayett şəhərində yerləşən Perdyu Universitetinin Elmore ailəsinin adını daşıyan Elektrik və Kompüter Mühəndisliyi Məktəbinin tələbələri yüksək sürətli robotlaşdırılmış sistem hazırlayıblar və ona Purdubik’s Cube adını veriblər. Onları bu layihəyə ilhamlandıran hadisə 2024-cü ilin may ayında Yaponiyanın Mitsubishi Electric Corporation şirkəti tərəfindən hazırlanmış və Rubik kubunu 0.305 saniyəyə yığa bilən robotun rekordu olub.
         Perdyu Universitetinin tələbələri bu rekordu qıra biləcəklərini anlayaraq, 1 il ərzində öz sürətli robotlarını hazırlamaq üçün həm maliyyə, həm də əməyini əsirgəməyiblər. 2025-ci ilin may ayında yaradılmış robotlaşdırılmış sistem elmi-tədqiqat ictimaiyyətinə təqdim olunub. Rubik kubunu yığmaq üçün sərf olunan vaxt əsasında layihə “robot tərəfindən tapmacanın ən sürətli həlli” nominasiyası ilə Ginnesin Rekordlar Kitabına daxil edilib. Purdubik's Cube rəngləri tanımaq üçün machine vision texnologiyasından, minimal vaxt üçün optimallaşdırılmış həll alqoritmlərindən və Kollmorgen şirkətinə məxsus sənaye hərəkət avadanlıqlarından istifadə edir.
         Hər bir hərəkət dəqiq tənzimlənmiş hərəkət profilləri ilə müəyyən olunur, bu da sürətlənməni və mexaniki səmərəliliyi maksimum dərəcədə artırır və robotlaşdırılmış sistemin mikrosaniyə dəqiqliyi ilə koordinasiyalı idarəsini təmin edir. Amerikalı tələbələrin hazırladıqları robotlaşdırılmış sistem interaktivdir: Bluetooth bağlantısı istifadəçilərə rəngləri real vaxtda qarışdırmağa imkan verir, Purdubik's Cube isə bu hərəkətləri dərhal təkrarlayaraq tapmacanı rekord müddət ərzində həll edir. Perdyu Universiteti bu sistemi sadəcə robot deyil, təhsil müəssisəsinin “innovasiya simvolu”, “sadəcə sürətdən kənara çıxan bir layihə” kimi təqdim edib.
    Paylaş