main-post-cover

    Sonsuz enerji istehsal etmək üçün Yerin qabığı "gyrotron" adlanan texnologiya ilə qazılacaq!

    Elm & Texnologiya
    14.05.2024
    Aslan Aslanov

         ABŞ-da yerləşən Quaise Energy şirkətinə görə, dünyanın ən dərin çuxurunun qazılması tükənməz, qeyri-məhdud enerjini təmin edəcək. Bunun üçün isə şirkət "gyrotron" kimi tanınan texnologiyadan istifadə edəcək.

         ABŞ-da yerləşən Quaise Energy şirkəti Yer qabığındakı geotermal istilikdən "tükənməz təmiz enerji" çıxarmaq üçün Yer səthinin 20 km altına çatmağa imkan verən innovativ qazma qurğusu hazırlayır. Quaise Energy-nin həmtəsisçisi Matt Houde-ə görə, yeraltına çıxışımızı gözləyən enerji, bir planet olaraq illik enerji ehtiyacımızı milyard dəfə üstələyir. Bunun füzyon kimi bəşəriyyətə bir növ qeyri-məhdud enerji təmin edəcəyi bildirilir. Sonsuz enerji əldə etmək üçün "gyrotron" vasitəsilə Yer qabığını qazmaq həm elmi fantastika, həm də bir qədər istehzalı səslənir. Lakin Mitsubishi tərəfindən dəstəklənən Quaise Energy məhz bunu etmək istəyir.
         Geotermalın digər bir müsbət tərəfi isə bu gün dünyanın ən böyük sənayesindən, yəni neft və qaz sektorundan faydalanmağa hazır olmasıdır. Houde-ə görə, geotermalın hələ də inkişaf etməməsinin səbəbi onun istilik, su və keçiricilik kimi üç zəruri amildən asılı olmasıdır. Fervo Energy kimi şirkətlər bu amilləri aradan qaldırmaq və ya minimuma endirmək üçün üsullar tətbiq etsələr də, onların böyük miqyas və potensiala çatmasına hələ var. Buna görə də, geotermal enerji hələ də çox məhdud coğrafiyalarda əlçatandır. Bu məhdudlaşdırıcı amillərə görə qlobal geotermal gücü yalnız 16 GVt təşkil edir. Lakin Quaise hesab edir ki, onların daha dərin, daha isti və daha sürətli qazma planı teravatt miqyaslı geotermal enerjinin kilidini aça bilər. Bu inancın mərkəzində nüvə sintezi tədqiqatlarında ironik bir şəkildə istifadə edilən bir texnologiya, yəni "gyrotron" dayanır.
         Gyrotron, mikrodalğalı soba kimi işləyən, lakin daha güclü və mürəkkəb bir cihazdır. Güclü bir maqnit sahəsində hərəkət edən elektronlar sayəsində millimetr dalğası adı verilən yüksək tezlikli mikrodalğalar əmələ gətirir. Gyrotron-un iş prinsipi bir qədər mürəkkəb olsa da, onu qısaca olaraq elektronların vakuum mühitində spiral orbitdə hərəkət etməsi və mikrodalğalar şəklində enerji yayması kimi izah etmək olar. Gyrotron, daha çox sintez reaktorlarında plazmanı qızdırmaq və idarə etmək üçün istifadə olunur.
         Quaise Energy qayaları buxarlamaq və yer qabığını 20 km-ə qədər qazmaq üçün "gyrotron" texnologiyasından istifadə edəcək. Sovet Rusiyası dövründə dünyanın ən dərin qazma aləti olan Kola, yalnız 12,2 km dərinliyə çata bilmişdi. Ruslar bu dərinliyə 20 ildə çata bilsələr də, temperatur çox yüksək olduğundan daha dərinə gedə bilməmişdilər.
         20 km dərinliyə getmək bu gün də demək olar ki, qeyri-mümkündür, lakin bu dərinlikdə hasil edilən buxarın təxminən 500 dərəcə olacağı bildirilir ki, bu da müasir kömür və qazla işləyən elektrik stansiyalarının işlədiyi temperaturdur. Şirkətdən verilən məlumata görə, bu temperaturların öhdəsindən gəlmək və daha dərinə getmək üçün "gyrotron"dan istifadə ediləcək. Şirkət ilk bir neçə kilometrdə adi qazma üsullarından istifadə edəcək, lakin daha sonra isə səthdəki "gyrotron" sadə, büzməli metal boru vasitəsilə mikrodalğaları dərinliklərə ötürməyə və qayaları buxarlamağa başlayacaq.
         Şirkətin qurucusu Houde, bu məqsədlərin çox çətin olduğunu etiraf etsə də, bu il texnologiyasından istifadə edərək ilk sahə sınaqlarına keçməyi hədəfləyir. İlk mərhələlərdə bir neçə kilometrdən sonra, hətta 10-15 km dərinliyə enmək uğurlu bir layihə kimi qiymətləndirilir.
         Şirkətin modelləşdirməsinə görə, "gyrotron" enerjinin uzaq məsafələrə göndərilməsində çox effektivdir. Amma onun işləməsi üçün 20 km uzunluğunda olan boru bükülməmiş şəkildə düz olaraq qalmalıdır. Boru düz və hamar deyilsə, mikrodalğalar borunun içərisində çoxlu ildırımlar yarada bilər. Bu, mikrodalğalı sobaya alüminium folqa qoymağa bənzəyir. Təbii ki, buxarlanmış süxurların çıxarılması və ya qazmanın çökməsinin qarşısının alınması kimi bəzi digər problemlər də var.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər