"İKT Fondu" Müşahidə Şurası niyə uğurlu startapları görməzdən gəlir?!

1054

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında fəaliyyət göstərən İKT Fondunun hər il müəyyən layihə və startaplara qrant şəklində büdcə ayırdığından yəqin ki, xəbəriniz var. Artıq ənənə halını almış bu təşəbbüs birbaşa ölkə prezidenti tərəfindən 15 mart 2012-ci il tarixində müvafiq sərəncam ilə təsis olunub və hər il bununla bağlı dövlət büdcəsindən müəyyən qədər vəsait ayrılır.

Belə bir vəziyyətdə bir neçə ildir ayrılan bu qrantlar hansı şərtlər daxilində verilir?

Yaxud, layihələrin seçim prosesi nə dərəcədə şəffafdır? Daha bir maraqlı sual isə, bugünə qədər vəsait ayrılan layihələrin aqibəti nə yerdədir? Technote olaraq bu prosesin daha da yaxşılaşdırılması və cəmiyyətə daha faydalı olması üçün öz irad və təkliflərimizi açıq şəkildə bildirmək istəyirik.

Əvvəla başlayaq dövlət tərəfindən ayrılan bu qrantın məqsədindən. Hamımızın bildiyi kimi İKT sahəsinə bu cür yatırım edilməsi birbaşa ölkədə İT və startapların inkişafı üçündür. Ölkə prezidenti cənab İlham Əliyevin də etdiyi çıxışlara nəzər salsaq, əsas məqsəd ölkənin İT infrastrukturunun formalaşdırılması və yeni innovativ ideyalara, gənclərə dəstək olmaqdır. Ən əsas məsələ isə bu qrantlar heç bir maddi maraq güdülmədən, birbaşa gənclərə və layihələrə qarşılıqsız şəkildə verilir. Belə olan halda bu prosses yerli icra orqanları tərəfindən necə tənzimlənir? Layihələri dəyərləndirən ekspertlər həqiqətən prezidentin onların öhdəsinə verdiyi işi layiqincə yerinə yetirə bilirlərmi? Suallar çoxdur və biz də bacardığımız qədər məsələyə obyektiv yanaşmaqla bu tipli sualları aydınlaşdırmağa çalışacağıq.

Bir neçə gün əvvəl İKT fondunun İyul ayından etibarən elan etdiyi qrant müsabiqəsinin cavabları məlum olub, 29 layihə dövlət tərəfindən mükafatlandırılıb və bütün layihələrə ümumi olaraq 395.000 manat vəsait ayrılıb. 121 layihənin müraciət etdiyi bu müsabiqədən cəmi 29 layihə qrant almağı bacarıb. Digər illərlə müqayisədə qalib layihələrin sayı kifayət qədər çoxdur və demək olar ki, keçən ilin qaliblərinin 2 qatına bərabərdir. Bu isə öz növbəsində dövlətin bu işdə həqiqətən maraqlı olduğunun bariz göstəricisidir. Lakin maraqlı məqam layihələrin seçim prosessi ilə bağlıdır. Layihələr ekspertlər tərəfindən 3 mərhələdə dəyərləndirmədən keçirlir. Ümumi ekspertiza mərhələsində qoyulan tələblərə uyğun layihələr Kompleks ekspertiza mərhələsinə göndərilir. Bu mərhələdə isə layihələr qiymətləndirildikdən sonra yekun mərhələ olan Müşahidə Şurasının toplantısına göndərilir. Bu mərhələ əsas mərhələdir və burada birbaşa müstəqil ekspertlər layihələri dəyərləndirirlər. Lakin İKT Fondunun saytında yerləşdirilən qiymətləndirmə meyarları ilə, ekspertlərin seçimləri heç də üst-üstə düşmür. Əyani sübut olaraq İKT Fondunun rəsmi saytında yerləşdirilən meyarları sizlərə təqdim edirik.

1. Layihənin məqsəd və vəzifəsinin aydınlığı
2. Layihənin ölkədə İKT sahəsinin inkişafına verəcəyi töhfə
3. Layihənin kommersiyalaşdırılma potensialı
4. Layihənin dəqiq ifadə edilmiş və əsaslandırılmış ideyasının olması
5. Layihənin innovasiya yönümlü olması və aktuallığı
6. Layihəyə yerli və xarici investorların cəlb olunması ehtimalı
7. Layihə rəhbərinin və ya icraçının (icraçıların) əvvəlki yerinə yetirilmiş (yerli və xarici) İKT layihələrində uğurlu iştirakı
8. Qrant layihəsi üçün tələb olunan maliyyələşdirilmənin məbləğinin məntiqli və reallığa uyğun olaraq ciddi şəkildə əsaslandırılması
9. Layihədə aparılan iqtisadi hesablamaların dəyərləndirilməsi
10. Layihənin gələcəkdə ölkə üçün sosial-iqtisadi əhəmiyyəti
11. Layihənin nəticələrinin əhatəliliyi və onun genişləndirilməsi mümkünlüyü
12. Layihənin səmərəliliyi və layihənin icrası ilə bağlı risklərin qiymətləndirilməsi

Meyarlara nə dərəcədə diqqət edildiyini aydınlaşdırmaq üçün birbaşa əyani misallarla elə bu il keçirilən müsabiqədə seçilməyən və qalib olan startaplar üzərindən nəzər salaq.



 

Shrippy – SUP Akselerasiya mərkəzinin uğurlu startaplarından biri sayılır. Təcrübəli komanda üzvlərinin olduğu bu startap SUP Demoday-da ilkin toxum yatırımı alan startaplardan biridir. Bununla yanaşı bu il Türkiyədə keçirilən Webrazzi Summit-də ən yaxşı 10 startapdan biri olmağı bacararaq Webrazzi Arenada çıxış ediblər. Hazır biznes model və tətbiqi olan bu startap İKT Fondu tərəfindən müsabiqəyə uyğun hesab edilməyib. İnsanlarda alış-veriş vərdişlərinin sosial mediaya daşınmasına xidmət edən bu layihənin əsas məqsədi qlobal bazarda uğurlu olmaqdır. Amma deyəsən bizim şura üzvləri heç də belə düşünmür. Layihə rəhbəri Cəfər Nəcəfov sosial media üzərindən etdiyi açıqlamada aşağıdakıları qeyd edib:


"Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsi üzrə innovativ və tətbiqi elmi-texniki layihələrin maliyyələşdirilməsi məqsədilə QRANT müsabiqəsi elan etmişdi. Biz də "Shrippy" layihəsi olaraq müsabiqəyə qatıldıq. Layihəmiz həm Facebook, Amazon-dan dəstək almış. Həm toxum investisiya almış, həm də ilk dəfə olaraq Azərbaycan startapı olaraq Webrazzi Arenada 10 ən yaxşı Startap olaraq çıxış etmişdi. Bizim daha da qlobal olmağımız üçün dövlət qrantına təbii ki, ehtiyacımız var idi. Lakin Shrippy olaraq biz heç 2-ci mərhələdən belə keçmədik. Bizdən başqa Lendock layihəsi də qatılmışdı müsabiqəyə və onlar da layiq idi qrantı almağa. Müşahidə Şurasının üzvü mediaya açıqlayıb ki: "Çox zəiflər içərisindən daha az zəif olanın seçimi qarşısında qalırıq". Seçilmiş layihələrin bəzilərinin isə heç saytı belə işləmir. 15000 AZN qrantı isə həmin Müşahidə Şurasının üzvünün Startup.Az saytı qazanıb. Dövlət İKT sahəsi inkişaf etsin deyə bu müsabiqələri keçirir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi - zəhmət olmasa bunu araşdırın. Güclü startapçılar artıq belə haqsızlıqlar görüb ölkədən getməsinlər.”



 

Orderhunt – SUP Demoday iştirakçılarından biri olan və fəaliyyətinə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzindən başlayan bu startap 6 nəfərdən ibarət çox təcrübəli komandadan ibarətdir. Mükəmməl kod yazılımına malik, istər Android, istər iOS platforması üçün mövcud olan tətbiqlərini bir kənara qoysaq, bu layihənin Web və müştərilər üçün istifadə paneli belə hazırdır. Sifarişçilərin, restoranlardan sifariş etdikləri qida və məhsulların online traking vasitəsilə izlənməsinə şərait yaradan bu tətbiq qlobal bazara çıxma potensialı olan layihələrdəndir. Azərbaycanlı developerlərin də 0-dan bu tipli platforma yaratması həqiqətən ürəkaçan bir haldır. Hal hazırda Almaniyadan bir çox mərkəzlərin marağında olan bu layihə bizim Müşahidə Şurası tərəfindən zəif hesab edilərək, qalib elan edilməyib.

 

 

Lendock – Daha bir SUP akselerasiya mərkəzinin layihələrindən biri olan Lendock, avtomobillərin online icarə xidmətini təklif edən şəbəkədir. Startap bazarında dünya təcrübəsindən xəbardar olan çox güclü bir komandaya və təcrübəyə sahib olan bu layihə ölkəmizi bir çox qlobal arenalarda da təmsil edib. Lakin buna baxmayaraq layihə seçilənlər sırasında olmağı bacarmayıb. Lendock layihə rəhbəri Ağahüseyn Əhmədov müsabiqə haqqında sosial hesablarının birində aşağıdakı açıqlamanı qeyd edib:

"Ümumiyyətlə startap sahəsində gedən müzakirələrə, mübahisələrə və hadisələrə şərh bildirmirəm. Həmişə kənardan izləməyi özümə uyğun bilirəm. Amma bu sonuncu İKT fondunun qrant müsabiqəsini gördükdən sonra sakit otura bilmirəm.

Lendock İKT fondunun qrantını qazana bilmədi. Eybi yox. Komandamız heç də heyifslənmir. Bir startap layihəsi kimi bundan qat-qat böyük layihələrdə iştirak etmişik, ölkəmizi nüfuzlu yerlərdə təmsil etmişik və dayanmadan da inkşaf edirik.

Amma gəlin bu dəfə qalib gələn və gəlməyən layihələr haqda bir danışaq. Yaxından bildiyim Orderhunt, Shrippy kimi layihələr bu qranta müraciət etmişdilər. Mən sizi əmin edə bilərəm ki, bu layihələrə və bu komandalara yatırım edilsə, bu ölkədən uğurlu layihələrin çıxdığını görmək olar. Bu layihələr çox gözəl nəticələr göstərir və inkşaf edir.

Dünyada normal layihə qəbulu prosesində bir sıra nüanslara baxılır:

1. Komanda
2. Bazar araşdırması
3. MVP-in olması
4. Göstəricilər (traction)

Yuxarıda sadaladıqlarım layihələrin hər 4 nüansa görə çox gözəl göstəriciləri var. MVP-nin və Traction-un olması isə bu layihələri siyahının ən yuxarı pillələrinə qaldırır. Biz isə görürük ki, qalib gələn əksər layihələrin heç domain-ləri belə alınmayıb. Layihələrin adlarından başqa heç bir məlumat verilməyib. Çoxu haqda nə sosial şəbəkələrdə, nə də ümumiyyətlə internetdə heç bir məlumat yoxdur. (1-2 həvəsli insan hətta o qalib olan layihələrin qeyd olunan domen adlarını gedib alıblar :D)

Müşahidə Şurasının üzvünün verdiyi açıqlamaya görə: "Çox zəiflər içərisindən daha az zəif (layihə) olanın seçimi qarşısında qalırıq"

Tam razıyam. Qalib olan Startup.az (Startup Azerbaijan) layihəsini də o zəif layihələrin sırasında görmək məni qətiyyən təəccübləndirmir. Görünür bu "öndə gedən" startaplara "dəstək" göstərənin elə özünə bir "yardım əli" uzatmaq lazım imiş. Üstəlik Startup.az Təşkilat Komitəsinin üzvünün eyni zamanda İT-nin İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının üzvü olması yəqinki "obyektivliyin" "aydın təzahürüdür".

Seçimlərdə "düzgünlük", "obyektivlik" tamamilə baş alıb gedir. Bilmirəm bizim bu İKT fondu seçim aparanda hansı analoqu olmayan üsullardan istifadə edir, amma fikrimcə ictimaiyyətlə bölüşsələr qalib gəlməyən startaplar da öz üzərlərində işləyib, növbəti qrant müsabiqələrində daha uğurlu nəticələr göstərə bilərlər.”



 

VotePoll – Azərbaycan startap və texnologiya bazarında böyük əməyi olan Fərid Pərdəşünas-ın qlobal layihəsidir. Layihə tam hazır olmadan bazarda təqdim edilməyəcəyi üçün rəhbər bu barədə heç bir açıqlama verməyib. Lakin bu layihənin qlobal və innovativ yenilikçi bir ideya üzərində qurulduğu qeyd olunur. Fərid Pərdəşünas müsahibəsində aşağıdakıları şiddətlə vurğulayıb:

”Ən azından bu layihənin arxasında içi mən daxil çox təcrübəli 3 nəfər dayanır. Biz bu layihənin biznes planını yazan zaman bazar araşdırması olaraq emarketer, statista kimi mənbələrdə günlərlə statistik analiz aparmışıq. Ən azından biz bu layihənin domenini almışıq, ən azından tətbiqin MVP modelini hazırlamışıq, ən azından biz biznes planla yanaşı bütün məsələni aydınlaşdıran təqdimat slaydlarını göndərmişik. Ən azından biz 15 gün əvvəl Fransa hökümətinin keçirdiyi startap yarışında bütün dünyadan 700 startap arasından seçilib final mərhələsinə vəsiqə qazanmışıq. Lakin, bütün bunların qarşılığında İKT Fondunun müşahidə şurası bizim tələblərə cavab vermədiyimizi iddia edir. Bu təbii haldır. Deyəsən Müşahidə Şurasının ya qlobal bazardan, ya da startap bazarından xəbəri yoxdur.”

29 layihənin qalib olması bizi çox sevindirdi. Yeganə diqqət çəkən məqam layihələrin seçilmə məntiqi idi. Çox təəssüf ki, seçilən layihələr arasında bəzilərində aşağıdakılar yer alırdı:

-Keçən il qalib olmuş simaların fərqli layihələri

-İnnovativ əsası olmayan layihələr

-Saytının domenini belə almayan layihələr

-Qlobal əsası olmayan layihələr

Biz bu vəziyyətdən təəssüfləndiyimizi bildiririk. Bu ölkənin və ən əsası Azərbaycanın startap bazarının əsas fiqurları, bu ölkə üçün çalışan gənclərin haqqları bax beləcə tapdalanır. Biz Azərbaycan gəncləri olaraq ölkəmizdə bu bazarın yaranması, Azərbaycanın İT və Startap sahələrində MDB məkanında aparıcı bir ölkəyə çevrilməsi uğrunda mübarizə aparırıq. Biz bu ölkənin daha yaxşı bir yer olması üçün və insanlara fayda vermək üçün çalışırıq. Biz neft kapitalından, insan kapitalına çevrilmiş ölkənin gələcək simalarıyıq. Lakin bütün bu olanlar, bizim əməyimizə edilmiş böyük hörmətsizlikdir. Əgər Avropa, Amerika bizimlə maraqlanırsa, bizim ölkəmizin də bizə dəstək olması vacibdir. Sadəcə doğru Müşahidə Şurası, doğru dəyərləndirmələr lazımdır. Ekspertlərin subyektiv dəyərləndirmələri ilə bu ölkənin büdcəsi yanlış istiqamətdə xərclənir. Bu büdcədə bizim də haqqımız var. Hər il cənab prezident bu büdcəni bizlər üçün ayırır, amma çox təəssüflər olsun ki, yanlış dəyərləndirmə ucbatından bu vəsaitlər yanlış istiqamətdə sərf olunur. Heç Müşahidə Şurası bir dəfə olsun dönüb arxada qalan layihələrin mövcud olub-olmadığına nəzər saldımı? Bizim fikrimizcə artıq Müşahidə Şurasına yeni nəfəs, gənc kadrlar lazımdır. Ən azından dünya bazarından xəbərdar, bu bazarı bilən ekspertlər işə cəlb olunmalı, bu olmadığı təqdirdə isə yerli İnnovasiya Mərkəzlərindən dəstək istənilməlidir ki, sonra ölkənin ən aparıcı İnnovasiya Mərkəzlərinin layihələri Müşahidə Şurasının qərarları ilə dövlət dəstəyindən məhrum olmasın. Qalib layihələrin siyahısına isə buradan baxa bilərsiniz. Yəqin ki, seçilən layihələri araşdırıb, axtarsaz haqlarında heç bir məlumat tapa bilməyəcəksiniz. Ən azından sadaladığımız 4 layihə "İELTS öyrənək", "Futbolçuların qeydiyyat sistemindən" dəfələrlə yaxşıdır.