main-post-cover

    "Startup Turkey"də 3 yerli startapımız investorlar önünə çıxdı (FOTOLAR)

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Regionun maraqla gözlənilən startap tədbiri "Startup Turkey" bugün öz işinə başlayaraq seçilmiş startap, investor və investisiya fondlarını bir araya gətirdi. Hər il Antalyada təşkil olunan bu tədbirdə dünyanın müxtəlif ölkələrindən startaplar, investorlar və startap ekosisteminin tanınmış simaları iştirak edir. Bu il baş tutan tədbirdə isə ölkəmizi 6 startap təmsil edir. 50 startap arasından seçilmiş 3 layihə (Kvotter, Expander, Spinal) az əvvəl baş tutan təqdimat panelində öz məhsullarını 2 dəqiqə müddətində iştirakçılara təqdim etdilər.
    Panelin birinci sessiyasında "Expander" investorlar önünə çıxdı.
     
     
    Yerli startap "Expander" artırılmış reallıq əsasında formalaşdırılmış tətbiqdir. Bizneslər üçün artırılmış reallıq əsaslı həllər təklif edən platformanın qurucusu Fərid Yusifovdur. "iOS" və "Android" ƏS-ləri üçün tətbiq mağazalarda (Play Store, App Store) mövcud olan "Expander"dən istifadəçilər pulsuz yararlana bilərlər. Şirkətlər üçün təklif etdikləri platforma vasitəsilə hər bir şirkət öz çap materiallarını daha interaktiv hala gətirir. İstifadəçilər isə tətbiqi işə salaraq həmin materialları "scan" edib, material üzərində olan əlavələrlə (video, auido, şəkil, 3D obyekt və s) tanış olurlar.


    Birinci sessiyanın digər yerli iştirakçısı son zamanlar yerli bazarda adından söz etdirən "Spinal" startapıdır. Son olaraq Hollandiyada akselerasiya dövrü keçən startapımız bu dəfə yeni ad ilə məhsulunu "Startup Turkey"də təqdim etdi. "Lia" brendi adı altında məhsulun təqdimatını Fidan Rüstəmova həyata keçirdi.
     
     
    "Lia" mikrokontroller və 2 sensordan ibarət olan, çiyində oturan cihazdır. Sensor çiyinlərin vəziyyətini müəyyən edərək qamətin düzgünlüyünü yoxlayır. Əgər qamət öncədən proqram təminatı ilə müəyyən olunmuş normadan kənara çıxarsa, istifadəçi bu haqda xəbərdar olur. Xəbərdarlığın hansı vasitə ilə çatdırılmasını müştəri özü seçə bilir: bu, titrəmə (telefonda, yaxud cihazın özündə) və ya səsli siqnal ilə (həmçinin iki seçimdə birlikdə mümkündür) ola bilər. Smartfon vasitəsi ilə siz öz nəticələrinizi izləyə bilərsiz. Hər bir xəbərdarlıq hesabat üçün smartfonun yaddaşında saxlanılır və sizə uyğun qrafik yığılır. Verilmiş funksiya ümumlikdə digər tətbiqlər kimi istifadəçi üçün maksimal dərəcədə rahat hazırlanmışdır.
     
     
    Əlavə olaraq qeyd edək ki, Mart ayında "Spinal Tech", "İndiegogo" "crowdfunding” platformasında öz kampaniyalarını başladacaqlar.
     
    Panelin 2-ci sessiyasında isə ölkəmizi Amerikada və digər regional tədbirlərdə təmsil etmiş, hamımızın sevimlisi "Kvotter" səhnədə yerini aldı. Öz təqdimatları ilə yerli bazarda adından söz etdirən 2 kitab müəllifi Coşqun Kərimov bu dəfə də 2 dəqiqəlik təqdimata 20 dəqiqəlik məlumatları sığışdıra bildi.
    Zala olduqca pozitiv və yumoristik təqdimat edən "Kvotter", iştirakçıların alqışını almağı bacardı. "Kvotter" haqqında ətraflı məlumatı bu məqaləmizdən oxuya bilərsiniz.
    Son olaraq qeyd edək ki, seçilmiş 50 startap arasında olan 3 yerli layihəmiz investorlar tərəfindən seçildikləri halda son 15 seçilmişlər siyahısında yer alacaqlar. Bu da o deməkdir ki, əgər startaplarımız ilk 15-liyə daxil olsalar, sabah  axşam baş tutacaq yarış panelinda investisiya almaq uğrunda investorlar önündə yarışacaqlar. Biz də öz növbəmizdə "Technote Media" olaraq Antalyadan ən son xəbərləri çatdıracağıq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər