Logo
    main-post-cover

    Yaradıcılığın ən parlaq səhnəsindəyik: “Cannes Lions” 2025 başladı!

    Cannes Lions
    17.06.2025
    Sabina
    “Cannes Lions 2025”dən məzmun yayımları “Azercell”in eksklüziv tərəfdaşlığı ilə həyata keçirilir.
    Yaradıcılığın qlobal mərkəzi olan “Cannes Lions Beynəlxalq Yaradıcılıq Festivalı” bu il də öz qapılarını yaradıcı beyinlərə, sənaye liderlərinə və gənc istedadlara açdı. 71-ci dəfə keçirilən festivalın ilk günündə “Audio & Radio”, “Health & Wellness”, “Outdoor”, “Pharma” və “Print & Publishing” kateqoriyalarında mükafatlar təqdim olundu. Qaliblər arasında müxtəlif ölkələrin agentlikləri ilə yanaşı, Çexiyanın ilk dəfə qran-pri mükafatı qazandığına da şahid olduq.
    Pharma Lions
    Bu kateqoriyada 305 layihə arasından cəmi 9 iş “Şir” qazandı (1 qızıl, 3 gümüş, 4 bürünc). Qran-pri mükafatı isə “Viagra” üçün hazırlanmış “Make Love Last – Bedroom” kampaniyasına verildi. Qeyd edək ki, layihəni “Ogilvy Shanghai” ərsəyə gətirmişdi.
    Health & Wellness Lions
    Bu kateqoriyada 1169 müraciətdən 33-ü “Şir”lə mükafatlandırıldı (6 qızıl, 11 gümüş, 15 bürünc). Qran-pri isə bu dəfə “Vaseline Verified” kampaniyasına təqdim olundu. “Ogilvy Singapore” tərəfindən hazırlanan layihədə “Vaseline” komandası sosial mediada yayılan sağlamlıq "hack"lərini laborator şəraitdə test edərək həm təsdiqlədi, həm də mifləri ifşa etdi. Bu yanaşma təkcə yaradıcılığı deyil, həm də elmi maarifləndirməni özündə birləşdirirdi. 
    “The Best Place In The World To Have Herpes” adlı kampaniya isə bu il “Lions Health “və “United Nations Foundation” tərəfindən təqdim olunan “Grand Prix for Good” mükafatına layiq görüldü. Yeni Zelandiyada herpeslə bağlı stiqmanı yumorla və açıq yanaşma ilə qırmağa çalışan bu layihə həm məzmun, həm strategiya baxımından fərqləndi. 
    Audio & Radio Lions
    Bu kateqoriyada 714 müraciət arasında 21 iş “Şir” qazandı. Gecənin qran-prisi isə “Budweiser” üçün “Africa Creative DDB São Paulo” tərəfindən hazırlanan “One Second Ads” layihəsinə təqdim edildi. Yalnız bir saniyəlik audio çarxlarla izləyiciləri tanış musiqiləri tapmağa dəvət edən bu kampaniya səsin gücünü maksimum şəkildə istifadə etdi.
    Print & Publishing Lions
    Kateqoriyadakı 769 müraciət içindən 23 layihə mükafat qazandı. Qran-pri isə “PENNY” brendinin “Price Packs” adlı işinə verildi. “Serviceplan Munich” tərəfindən hazırlanmış bu kampaniya brendin sərfəlilik imicinə fokuslanan, minimal və cəsarətli paket dizaynları ilə marketlərdə fərqlənib. 
    Outdoor Lions
    Burada isə 2001 müraciət arasından sadəcə 57 iş “Şir” qazandı və 2 layihə qran-pri ilə təltif olundu:
    KitKat”ın “Phone Break” kampaniyası (VML, Prague) ictimai məkanlarda telefonları “KitKat”la əvəz edərək “Have a break, have a KitKat” sloqanını vizual olaraq həyatda canlandırdı. Bu kampaniya ilə Çexiya ilk dəfə qran-pri qazandı.
    “Paris 2024 Olimpiya Oyunlarının Açılış Mərasimi” kampaniyası Parisin küçələrini səhnəyə çevirərək Olimpiya ruhunu stadionlardan çıxarıb, şəhərin özünə gətirmişdi. Bu iş “Outdoor” kateqoriyasının ikinci qran-prisini əldə etdi.
    Hər zamankı kimi bu il də günün xüsusi mükafatları oldu. Bu dəfə “İlin ən güclü səhiyyə şəbəkəsi (Healthcare Network Of The Year)” adına “FCB Health” layiq görüldü. “İlin ən yaradıcı səhiyyə agentliyi (Healthcare Agency Of The Year)” isə “AREA 23 (New York, IPG Health)” seçildi.
    Bu il "Cannes Lions" bir daha sübut etdi ki, yaradıcılıq sərhəd tanımır, istənilən sahədə dəyişiklik yaratmaq mümkündür. Festival davam edir, odur ki festivalın növbəti günlərinə dair mütəmadi informasiya əldə etmək üçün bizi izləməyə davam edin.
    Paylaş