ABŞ-də Amazon-a qarşı kollektiv iddia qaldırılıb
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Amazon yeni kollektiv məhkəmə iddiası ilə üzləşib. İddiaya əsasən, şirkət Donald Trump administrasiyası dövründə tətbiq olunan tariflər səbəbindən məhsul qiymətlərinə əlavə edilən xərcləri müştərilərə geri qaytarmayıb. Reuters-in məlumatına görə, iddia cümə günü Sietldə təqdim edilib. Sənəddə Amazon-un “qanunsuz tarif xərclərindən yüz milyonlarla dollar gəlir əldə etdiyi” qeyd olunur.
Məsələ ABŞ Ali Məhkəməsinin Trump dövründə tətbiq edilən geniş tarif siyasətini qanunsuz hesab edən 6-3 qərarından sonra gündəmə gəlib. Bu qərardan sonra şirkətlərə ödədikləri tarif xərclərini hökumətdən geri almaq imkanı yaradılıb. CNBC-yə danışan bəzi şirkətlər artıq geri ödəniş prosesinə başladıqlarını və vəsait aldıqlarını təsdiqləyiblər. İddiaya görə isə Amazon bu prosesə qoşulmayıb və əldə edilən vəsaiti müştərilərə qaytarmaq niyyətində deyil. Şirkətin bununla hökumətlə münasibətləri qorumağa çalışdığı iddia edilir.
Məhkəmə sənədində qeyd olunur ki, Amazon tarif xərclərini əvvəlcədən məhsul qiymətlərinə əlavə edərək alıcılara ötürüb, lakin sonradan həmin vəsaitin geri qaytarılması imkanından sonra belə istifadəçilərə heç bir kompensasiya təqdim etməyib. Digər tərəfdən, logistika şirkətləri olan DHL, FedEx və UPS artıq geri ödəmə prosesinə başladıqlarını və bu vəsaitləri müştərilərə ötürəcəklərini açıqlayıblar. Hətta Nintendo isə tariflər səbəbindən ABŞ hökumətinə qarşı ayrıca məhkəmə iddiası qaldırıb. Amazon hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Paylaş