Logo
    main-post-cover

    Amazon Business platforması tənqid hədəfinə çevrilib

    Digər
    18.12.2025
    Sevinc
        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Amazon-un dövlət qurumları və məktəblər üçün nəzərdə tutulan Amazon Business platformasında tətbiq etdiyi “dinamik qiymət” mexanizmi ilə bağlı yeni araşdırma mübahisələr yaradıb. Institute for Local Self-Reliance (ILSR) tərəfindən yayımlanan hesabatda iddia olunur ki, qiymətlərin alqoritmlə real vaxtda dəyişdirilməsi məktəb dairələrinin eyni məhsul üçün fərqli vaxtlarda və fərqli qurumlar arasında kəskin qiymət fərqləri ilə üzləşməsinə, nəticədə isə artıq xərcə səbəb olur.
        Araşdırmada vurğulanır ki, dövlət qurumları uzun illər təchizat alışını açıq və rəqabətli tender mexanizmi ilə həyata keçirib. Təchizatçılar sabit qiymət siyahısı, çatdırılma müddəti və digər şərtlər təqdim edib, bu da həm şəffaflıq, həm də qiymət nəzarəti yaradıb. Hesabata görə, Amazon Business-də isə müqavilələr sabit qiymət siyahılarına söykənmir, əksinə, qiymətlərin bazar şərtlərinə uyğun “dalğalana” biləcəyi açıq şəkildə qeyd olunur və qiymət dəyişəndə müqaviləyə düzəliş edilməsinin tələb olunmadığı yazılır.
        ILSR 2023-cü ildə Amazon Business vasitəsilə dövlət və məktəb qurumlarının etdiyi alışlardan bir sıra nümunələr də təqdim edir. Məsələn, eyni gündə 12-li Sharpie marker dəsti bir quruma 8.99 dollara, başqa bir məktəb sisteminə isə 28.63 dollara satılıb. Digər nümunədə 610 monitor üçün edilən sifarişin müəyyən bir gündə 24 min dollar daha ucuz başa gələ biləcəyi göstərilir. Hesabatda həmçinin Kleenex salfetləri və quru silinə bilən markerlər kimi gündəlik istifadə olunan məhsullarda da eyni gün içində belə ciddi qiymət fərqlərinin qeydə alındığı bildirilir. Hesabatın daha diqqətçəkən hissələrindən biri təkrarlanan alışlarla bağlıdır. ILSR 2,500 “tez-tez alınan məhsul” üzrə (məsələn, yapışqan, qələm, təmizlik salfeti, karandaş və s.) qiymətləri analiz edib. Araşdırmaya görə, bu qurumlar həmin məhsullara ümumilikdə 3 milyon dollar xərcləsə də, eyni dövrdə Amazon-un gördüyü ən aşağı qiymətlər ardıcıl tətbiq olunsaydı, məbləğ 2.5 milyon dollar ola bilərdi. Hesabatda bir məktəb dairəsi üzrə mümkün qənaətin 17 faizə çatdığı da qeyd olunur.
        Amazon isə iddiaları qəbul etmir. Şirkət The Guardian-a göndərdiyi açıqlamada qiymət araşdırmalarının metodologiyasının tez-tez problemli olduğunu, seçilən nümunələrin “qərəzli” ola biləcəyini, müqayisələrdə uyğun olmayan məhsulların və ya rəqiblərdə stokda olmayan malların nəzərə alındığını bildirib.
    Paylaş