Apple iPhone üçün 2 oyun kontrolleri hazırlayır, Beats adı ilə sata bilər
“Apple” “iPhone” üçün öz oyun kontrollerlərini hazırlayır. Layihə çərçivəsində 2 fərqli cihazın buraxılması planlaşdırılır. Şirkət 1 ildən çoxdur kontrollerlər üzərində işləyir. Aksesuarların “Apple” yox, “Beats” brendi altında satılacağı gözlənilir. Satış tarixi və qiymətlər hələ məlum deyil.
İlk məlumatlara görə, “macOS 26.7” kodunda 2 kontrollerə istinad aşkarlanıb. Cihazlar kodda T6502 və T1057 model identifikatorları ilə qeyd edilib. Kontrollerlərdə istiqamət düyməsi, 2 idarəetmə çubuğu, çiyin düymələri və vibrasiya mühərrikləri ola bilər. Hərəkətlə idarəetmə üçün akselerometr və giroskopun qoyulması da müzakirə olunur.
Məlumata görə, layihəyə “Beats” rəhbərləri nəzarət edir. Məhsulların ideyası və hazırlanması da həmin komandaya tapşırılıb. “Apple” bəzən yeni məhsul kateqoriyalarını törəmə brendi altında sınaqdan keçirir. Daha ucuz materiallar və sadə dizayn kontrollerlərin nisbətən münasib qiymətə satılmasına kömək edə bilər. “Beats” artıq “iPhone” qabları və USB-C kabelləri satır.
“Apple” hazırda öz mağazasında “Backbone One” və “SteelSeries Nimbus+” kimi başqa şirkətlərin kontrollerlərini satır. “iPhone” və şirkətin digər cihazlarına MFi uyğun, yəni “Apple” tərəfindən sertifikatlaşdırılmış kontrollerləri qoşmaq olur. “PlayStation DualShock” və “Xbox Wireless Controller” modelləri də bu cihazlarla işləyir. Görünür, şirkət yeni kontrollerlərlə bazara öz məhsulu ilə daxil olmaq istəyir.
Kontrollerlər əsasən “iPhone” üçün hazırlanır. Buna baxmayaraq, onlarla bağlı izlər “iOS” yox, “macOS” kodunda tapılıb. Aksesuarlar “Apple TV 4K”da oyun seçimlərini genişləndirə bilər. Onlar “iOS” və “Mac” üçün çıxan iri büdcəli AAA oyunlarına marağı da artıra bilər. Cihazların görünüşü, 2 model arasındakı fərq və ümumiyyətlə satışa çıxıb-çıxmayacağı hələ dəqiqləşməyib.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...