Azərpoçt ABŞ-da keçirilən Dünya Filateliya Sərgisində iştirak edib
AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC ABŞ-ın Boston şəhərində keçirilən “Boston 2026” Dünya Filateliya Sərgisində təmsil olunub. Tədbir 23–30 may 2026-cı il tarixlərini əhatə edib.
Technote.az xəbər verir ki, sərgi çərçivəsində Ümumdünya Poçt İttifaqının təşkil etdiyi “Filateliyada idarəetmə, təhlükəsizlik və inkişafın yeni yanaşmaları” mövzusunda konfrans və işgüzar görüşlər keçirilib. Müzakirələrdə qanunsuz poçt markası emissiyalarının qarşısının alınması və poçt operatorlarının gəlir dayanıqlığı məsələləri önə çıxıb.
Konfransda “Azərpoçt” MMC-nin Marka şöbəsinin müdiri və Ümumdünya Filateliyanın İnkişafı Assosiasiyasının prezidenti Sitarə Hüseynova çıxış edib. O, Beynəlxalq Rəsmi Nömrələmə Sistemi (WNS) platformasının filateliya sahəsində yaratdığı imkanlardan bəhs edib.
Bildirilib ki, WNS platforması poçt markalarının sistemli şəkildə toplanması, rəsmi e-shop səhifələrinə inteqrasiya və rəqəmsal filateliya irsinin idarə olunması baxımından mühüm əhəmiyyət daşıyır. Tədbirdə platformanın Azərbaycanda təşviqi və beynəlxalq əməkdaşlıq imkanları da müzakirə olunub.
Sərgi günlərində “Azərpoçt” MMC tərəfindən son iki il ərzində dövriyyəyə buraxılmış poçt markaları nümayiş etdirilib. Şirkətin beynəlxalq filateliya platformalarındakı iştirakı Azərbaycan poçt markalarının qlobal səviyyədə tanıdılmasına və poçt məhsullarının təhlükəsizliyinin təşviqinə xidmət edir.
Paylaş