Boston Dynamics-in baş direktoru vəzifəsindən ayrılır
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, ABŞ-nin Massaçusets ştatında yerləşən və dördayaqlı robotları ilə tanınan Boston Dynamics şirkətində rəhbərlik dəyişikliyi baş verib. Şirkətin baş icraçı direktoru Robert Pleyter 30 illik fəaliyyətindən sonra vəzifəsindən ayrıldığını elan edib.
Məlumata görə, Pleyter bu barədə qərarını çərşənbə axşamı daxili məktub vasitəsilə əməkdaşlara çatdırıb. Şirkət yeni rəhbər axtarışına başlayıb. Bu müddətdə baş maliyyə direktoru nAmanda McMaster müvəqqəti olaraq CEO vəzifəsini icra edəcək.
Boston Dynamics TechCrunch-a göndərdiyi açıqlamada Robert Pleyteri qlobal robototexnika sənayesinin simvolu adlandırıb. Şirkət bildirib ki, o, ilk sıçrayan robotlardan tutmuş dünyada ilk dördayaqlı robotların hazırlanmasına və humanoid robot sənayesinin inkişafına qədər bir çox yeniliklərə imza atıb. Pleyter Boston Dynamics-i kiçik tədqiqat laboratoriyasından mobil robototexnika sahəsində qlobal liderə çevrilən uğurlu biznesə transformasiya edib.
Robert Pleyter 2020-ci ildə şirkətin təsisçisi Mark Raybertin yerinə CEO vəzifəsinə təyin olunmuşdu. O, Boston Dynamics-də 30 il ərzində müxtəlif vəzifələrdə çalışıb, o cümlədən mühəndislik üzrə vitse-prezident və əməliyyatlar üzrə direktor olub.
Şirkət ən çox 2020-ci ildə kommersiyalaşdırılan dördayaqlı “Spot” robotu ilə tanınır. Son olaraq isə Boston Dynamics “Atlas” adlı humanoid robotunu təqdim edib.
Paylaş