eBay 800 əməkdaşını ixtisar edir
Technote.az "Engadget” platformasına istinadən bildirir ki, eBay qlobal işçi heyətində ixtisara gedir. Şirkət təxminən 800 əməkdaşını işdən çıxaracağını açıqlayıb. Bu, eBay-in tam ştatlı işçilərinin təxminən 6 faizinə bərabərdir.
Bloomberg-in yaydığı məlumata görə, şirkət qərarı strukturunu strateji prioritetlərinə uyğunlaşdırmaq və biznes istiqamətlərinə yenidən investisiya etmək məqsədilə qəbul edib. Rəsmi açıqlamada bildirilib ki, dəyişikliklər müxtəlif bölmələrdə müəyyən vəzifələrə təsir göstərəcək. Bununla belə, eBay bəzi “əsas istiqamətlər” üzrə işə qəbulun davam edəcəyini qeyd edib. Lakin bu sahələrin konkret olaraq hansılar olduğu açıqlanmayıb.
İxtisar qərarı şirkət üçün aktiv bir həftədən sonra verilib. Son maliyyə hesabatını açıqladığı gün eBay eyni zamanda ikinci əl moda platforması olan Depop-u Etsy-dən 1,2 milyard dollara satın aldığını elan edib. Qeyd edək ki, eBay 2025-ci maliyyə ili üzrə 11,1 milyard dollar gəlir əldə etdiyini açıqlayıb. Depop-un alınması bu gəlir fonunda şirkətin xərclərinə müəyyən təsir göstərə bilər.
Paylaş