Fransa Teams və Zoom-u tərk edir: Dövlət qurumları yerli Visio-ya keçir
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Fransa hökuməti xarici platformalardan asılılığı azaltmaq məqsədilə Microsoft Teams və Zoom istifadəsindən mərhələli şəkildə imtina edir. 2026-cı ildən etibarən ölkə üzrə bütün dövlət qurumlarında çalışan məmurlar Fransada hazırlanmış Visio adlı yerli videokonfrans platformasına keçəcək.
Euronews-un məlumatına görə, Visio artıq bir ildir test mərhələsindədir və hazırda təxminən 40 min istifadəçisi var. Platforma süni intellekt əsaslı transkripsiya funksiyası təqdim edir və Fransaya məxsus bulud infrastrukturu üzərində işləyir. Hökumət hesab edir ki, bu keçid hər 100 min istifadəçi üçün illik təxminən 1 milyon avro qənaət etməyə imkan verəcək. Qərar Fransanın “Suite Numérique” adlı daha geniş strategiyasının tərkib hissəsidir. Bu strategiya çərçivəsində dövlət qurumlarında Gmail, Slack kimi əsasən ABŞ mənşəli xidmətlərdən də imtina planlaşdırılır.
Dövlət qulluğu və islahatlar naziri David Amiel bildirib ki, məqsəd Avropa xaricində hazırlanmış həllərdən istifadəni dayandırmaq və dövlət elektron kommunikasiyalarının təhlükəsizliyini təmin etməkdir. Onun sözlərinə görə, bu addım artan geosiyasi gərginliklər fonunda Fransanın rəqəmsal suverenliyə sadiqliyini açıq şəkildə nümayiş etdirir.
Paylaş