Logo
    main-post-cover

    Getir yemək çatdırılmasını Uber-ə satır

    Digər
    10.02.2026
    Ilhama
        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Uber Türkiyənin sürətli çatdırılma bazarında tanınmış brendlərindən biri olan Getir-in yemək çatdırılması biznesini almaq üçün razılıq əldə edib. Şirkət bu barədə bazar ertəsi rəsmi açıqlama yayıb.
        Razılaşmaya əsasən, Uber Getir-in yemək çatdırılması fəaliyyətini almaq üçün ilkin mərhələdə 335 milyon dollar ödəyəcək. Bundan əlavə, Uber Getir-in ərzaq, pərakəndə və su çatdırılması biznesində 15 % pay əldə etmək üçün 100 milyon dollar investisiya yatıracaq. Şirkət bu bölmənin tam alınmasını növbəti illərdə mərhələli şəkildə başa çatdırmağı planlaşdırır. Sövdələşmə Getir-in ən böyük səhmdarı olan BƏƏ-nin suveren sərvət fondu olan Mubadala ilə həyata keçirilir. Bildirilir ki, fond ötən il şirkətdəki payını satmaq imkanlarını araşdırırdı.
    Uber to buy delivery arm of Turkey's Getir | TechCrunch
        Bir vaxtlar Türkiyənin startap ekosisteminin ən böyük uğur hekayələrindən biri hesab edilən Getir-in dəyəri pik dövrdə 12 milyard dollara çatmışdı. Şirkət 2015-ci ildə sürətlə böyüyərək pandemiya dövründə ABŞ və Avropada aktiv şəkildə genişləndi. Lakin pandemiyadan sonra onlayn çatdırılmaya tələbatın azalması Getir-i 2024-cü ildə ABŞ, Böyük Britaniya və Avropadakı fəaliyyətini dayandırmağa və minlərlə işçini ixtisar etməyə məcbur etdi.
        Şirkət ötən il restrukturizasiya planı ətrafında ciddi daxili mübahisələr yaşadı. Planın əleyhinə çıxan həmtəsisçilərdən biri məsələni məhkəməyə daşısa da, Hollandiya məhkəməsi iddiaları rədd etdi. İndiyədək Getir ümumilikdə 2,4 milyard dollar investisiya cəlb edib və məhkəmə sənədlərinə görə şirkətin aktivləri 374 milyon dollar dəyərində qiymətləndirilib.
        Uber bu satınalmanı Türkiyədə daha əvvəl 700 milyon dollara aldığı Trendyol Go xidməti ilə birləşdirəcəyini açıqlayıb. Qeyd olunub ki, təkcə Getir-in yemək çatdırılması biznesi 2025-ci ildə 1 milyard dollardan çox ümumi sifariş həcmi (gross bookings) qeydə alıb ki, bu da əvvəlki illə müqayisədə 50 % artım deməkdir.
    Paylaş