GTA 6 PlayStation tarixinin ən böyük oyun buraxılışı oldu
“Grand Theft Auto 6” “PlayStation” tarixinin ən böyük oyun buraxılışı olub. “Sony Interactive Entertainment” şirkətindən Tim Turinin açıqlamasına görə, noyabrın 22-də başa çatan ilk 4 gündə oyun “PS5”də ümumilikdə 683 milyon saat oynanılıb. Həmin müddətdə hər oyunçu oyuna orta hesabla 17,4 saat ayırıb. Rekord son 30 ildə çıxan 5 konsol nəslini əhatə edir. Bu hesablamaya pulsuz oyunlar, eləcə də tək və çox oyunçu ilə oynanan oyunlar daxildir.
“GTA 6”nı “PS5”də 39 milyondan çox oyunçu açıb. Oyunun çıxdığı günlərdə alınıb şəbəkəyə qoşulan yeni “PS5” konsollarının 70%-də ilk açılan oyun “GTA 6” olub. İlin sonundakı bayram dövrü nəzərə alınmasa, “Sony” konsol satışa çıxandan bəri ən çox yeni qoşulmanı həmin günlərdə qeydə alıb. Şirkət ilk günlərdə oyunu “PS5 Pro”da neçə nəfərin açdığını açıqlamayıb. Həmin modelin tədarükündə çatışmazlıq var.
“Rockstar Games” “GTA 6”nı seriyanın əvvəlki oyunundan 13 il sonra satışa çıxarıb. Oyun noyabrın 19-da “PS5” və “Xbox Series X|S” üçün çıxıb və qısa müddətdə “Xbox”da da ən çox oynanan oyunlardan birinə çevrilib. “Rockstar Games”in ana şirkəti “Take-Two Interactive”in məlumatına görə, ilk gün pərakəndə satışdan 3,79 milyard dollar (təxminən 6,44 milyard manat) əldə olunub. Şirkət bunu əyləncə sənayesi tarixinin ən böyük buraxılışı adlandırıb.
“PlayStation Network”də DerrickGott007 adı ilə tanınan oyunçu dostuna oyundan bir şəkil göndərəndən sonra şəbəkənin sosial funksiyalarına girişinin 30 gün məhdudlaşdırıldığını bildirib. Onun sözlərinə görə, şəkli oyundakı nudist çimərliyində, oyunun öz kamerası ilə çəkib. Oyunçunun paylaşdığı məlumata görə, platforma şəkli pornoqrafik və ya ədəbsiz məzmun sayıb.
Oyunun yayımlarına maraq artdıqca “Twitch” reklamverənlər üçün “GTA 6” yayımlarında reklam yerləşdirməyi asanlaşdırıb. “YouTube”da isə oyunun videolarına müəllif hüququ iddiaları göndərilib. Platformanın “Content ID” sistemi yeni videolardakı səs və görüntüləri hüquq sahiblərinin göndərdiyi fayllarla avtomatik müqayisə edir. Belə iddia olduqda, videodan gələn qazancın bir hissəsi və ya hamısı iddia edən tərəfə gedə bilər.
“Frank El Santo” səhnə adı ilə tanınan kolumbiyalı musiqiçi Andrés Mauricio Arango Flórez öz kanalında “GTA 6” videosu paylaşıb. Musiqiçinin sözlərinə görə, sistem onun paylaşdığı görüntülərlə digər oyunçuların videoları arasında uyğunluq tapandan sonra müəllif hüququ iddiaları yaranıb. “YouTube” qaydalarına görə, oyunun görüntülərini müqayisə bazasına yalnız oyunun naşiri əlavə edə bilər. Musiqiçi sistemdən qəsdən sui-istifadə etdiyi barədə ittihamları rədd edib.
“YouTube” noyabrın 22-də problemi həll etdiyini və həmin videolardan müəllif hüququ iddialarını silmək üçün çalışdığını açıqlayıb. Ən azı 1 yayımçı videosuna göndərilən iddianın geri götürüldüyünü təsdiqləyib. Platforma problemin neçə video müəllifinə təsir etdiyini və musiqiçinin videosunun müqayisə bazasına necə düşdüyünü açıqlamayıb.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...