Logo
    main-post-cover

    Meta metaverse komandasından yüzlərlə əməkdaşı ixtisar etməyə hazırlaşır

    Digər
    13.01.2026
    Sevinc
         Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Meta bu həftə metaverse istiqamətində çalışan yüzlərlə əməkdaşı işdən çıxarmağı planlaşdırır. The New York Times nəşrinin məlumatına görə, şirkətin Reality Labs bölməsində çalışan işçilərin təxminən 10 faizi ixtisara düşəcək. Bu addım Meta-nın diqqətini getdikcə daha çox süni intellekt layihələrinə yönəltməsi ilə əlaqələndirilir.
         Reality Labs bölməsinə Meta-nın texniki direktoru (CTO) Endryu Bosvort rəhbərlik edir. O, çərşənbə günü üçün əməkdaşları xüsusi bir iclasa çağıraraq, bunun ilin ən vacib görüşü olacağını bildirib və işçiləri iclasa şəxsən qatılmağa təşviq edib. Hazırda Reality Labs-də təxminən 15 min nəfər çalışır.
         Metaverse komandasındakı ixtisarlar sürpriz sayılmır. Çünki ötən ay Bloomberg Meta-nın metaverse büdcəsini təxminən 30 faiz azaltmağı planlaşdırdığını yazmışdı. Eyni zamanda, şirkətin Ray-Ban ağıllı eynəkləri VR eynəklərini kölgədə qoyaraq daha çox diqqət cəlb etməyə başlayıb.
         Bundan əlavə, metaverse konsepsiyası illərdir gözlənilən populyarlığı qazana bilməyib. Bir çox istifadəçi Meta-nın VR sosial platformasının artıq “ölü” olduğunu düşünür. Meta isə məsələ ilə bağlı rəsmi açıqlama verməkdən imtina edib.
    Paylaş