Nintendo of America-nın yeni prezidenti ilk dəfə ictimaiyyət qarşısına çıxdı
Technote.az “Video Games Chronicle” platformasına istinadən bildirir ki, Nintendo of America-nın yeni prezidenti Devon Pritchard vəzifəyə başladıqdan sonra ilk rəsmi çıxışını edib.
Yanvarın 1-dən etibarən Nintendo of America prezidentliyi vəzifəsinə təyin olunan Pritchard, oyun sənayesi nümayəndələrinə 15-ci İllik New York Game Awards mərasimində əvvəlcədən yazılmış video müraciət vasitəsilə səslənib. O, bu vəzifədə 2019-cu ildən etibarən Nintendo of America-ya rəhbərlik edən və 31 dekabr 2025-ci ildə prezident və COO postlarından ayrılan Doug Bowser-ı əvəzləyib. Devon Pritchard eyni zamanda Nintendo of America tarixində bu posta təyin olunan ilk qadın rəhbər kimi tarixə düşüb.
Pritchardın video çıxışı tədbirin aparıcılarından biri, Nintendo-nun keçmiş rəhbəri Reggie Fils-Aime tərəfindən təqdim olunub. Fils-Aime çıxışında Pritchardın Nintendo üçün düzgün lider olacağını vurğulayıb. Video müraciətində Devon Pritchard oyun sənayesinin yaradıcılıq və inklüzivlik ruhunu önə çəkərək, gənc yaradıcıları və sənayeyə yeni daxil olanları ruhlandıran mesaj verib. O, oyun dünyasını macəra dolu bir yol kimi təsvir edərək, qarşıya çıxan çətinliklərin və uğurların bu yolun ayrılmaz hissəsi olduğunu bildirib.
Qeyd edək ki, Devon Pritchard Nintendo-da 20 ildən artıq təcrübəyə malikdir və son olaraq şirkətin gəlir, marketinq və istehlakçı təcrübəsi üzrə icraçı vitse-prezidenti vəzifəsində çalışıb. Yeni vəzifəsi ilə yanaşı, o, Nintendo of America idarə heyətinə daxil olur və eyni zamanda Nintendo-nnun Yaponiya mərkəzi olan NCL-də icraçı direktor statusu qazanır.
Paylaş