Qeyri-rəsmi tətbiq sındırılmış PS5-də Xbox oyunlarını buluddan açır
Braziliyalı proqramçı RafaelNGP sistem məhdudiyyətləri aradan qaldırılmış “PS5” konsolları üçün “PSBox Cloud Gaming” adlı qeyri-rəsmi tətbiq hazırlayıb. Layihə üzərində işləyərkən “Claude” süni intellekt xidmətindən də yararlanıb. “GitHub”da yayımlanan tətbiq “Xbox Cloud Gaming” xidmətini birbaşa konsolda açır. Proqram eyni anda 4 “DualSense” kontrollerini tanıyır və onların düymələrini “Xbox” idarəetmə qaydasına uyğunlaşdırır.
Tətbiqi quraşdırmaq üçün hazır faylı “GitHub” səhifəsindən yükləmək lazımdır. Arxiv müəyyən qovluğa çıxarıldıqdan sonra qeyri-rəsmi proqram yükləyicisi tətbiqi oyun kimi sistemə əlavə edir. Daha sonra istifadəçi proqramı açıb hesabına daxil ola bilər. Bunun üçün televizorda görünən kodu telefonla təsdiqləmək kifayətdir.
Oyun yayımı hazırda 1080p və saniyədə 60 kadr keyfiyyətində işləyir. Yəni oyunlar Full HD görüntüdə axıcı göstərilir. “PS5”dəki qrafik prosessor təsviri “AMD FSR 1” və ya “Anime4K” texnologiyası ilə 4K ölçüsünə yüksəldə bilir. Bu alətlər ilkin 1080p görüntünü daha yüksək görüntü ölçülü ekrana uyğunlaşdırır.
Proqram hələ tam problemsiz işləmir. Sınaqlar zamanı görüntünün iri bloklara bölünməsi və ekranda çəhrayı ləkələrin yaranması kimi qüsurlar aşkarlanıb. “DualSense” kontrollerlərində vibrasiya da bəzən düzgün işləmir. Bununla belə, tətbiqdən problemsiz istifadə etdiyini və nəticədən razı qaldığını deyənlər də var.
İstifadəçilərdən biri proqrama “Xbox Remote Play” funksiyasının əlavə edilməsini istəyib. Funksiya əvvəlcə işləməsə də, RafaelNGP bir neçə gün sonra uyğun yeniləmə hazırlayıb. Yeniləmədən sonra evdəki “Xbox” konsolunda olan oyunları yerli şəbəkə ilə “PS5” ekranına ötürmək olur. Bu rejimdə oyun buluddan yox, istifadəçinin evindəki konsoldan yayımlanır.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...