Sony PlayStation Store ilə bağlı məhkəmə işində 7,8 milyon dollarlıq razılaşmaya gedir
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Sony şirkəti PlayStation Store ilə bağlı açılmış kollektiv iddia üzrə 7,85 milyon dollar məbləğində razılaşma əldə etməyə hazırlaşır. ABŞ-nin San-Fransisko şəhərində federal hakim bu razılaşmaya ilkin təsdiq verib. İddiaya əsasən, Sony 2019-cu ilin aprel ayında üçüncü tərəf satıcıların təqdim etdiyi oyun kuponlarını ləğv etməklə rəqabəti məhdudlaşdırıb və rəqəmsal oyun bazarında monopol mövqe yaradıb. Bu isə istifadəçilərin bəzi oyunları daha baha qiymətə almasına səbəb olub.
Məhkəmə işi ilk dəfə 2021-ci ilin may ayında qaldırılıb və sənədlərə görə, bu qərardan təsirlənən istifadəçilərin sayı milyonlarla ölçülür. Hüquq şirkəti bildirib ki, ümumilikdə 4,4 milyondan çox PlayStation Network hesabı bu razılaşma çərçivəsində uyğun hesab olunur. Siyahıya The Last of Us, NBA 2K18 və Need for Speed Rivals kimi məşhur oyunlar da daxildir.
Uyğun istifadəçilər məhkəmənin yekun qərarından sonra birbaşa PSN hesablarına mağaza krediti şəklində kompensasiya alacaqlar. Bu prosesin son mərhələsi üçün “Fairness Hearing” adlı iclas 15 oktyabr tarixində keçiriləcək. Qeyd edək ki, bu iş Böyük Britaniyada Sony-yə qarşı açılmış oxşar iddiadan ayrıdır. Həmin iddiada şirkət rəqəmsal oyun və oyun daxili məzmun üçün istifadəçilərdən ədalətsiz şəkildə yüksək qiymət tələb etməkdə ittiham olunur və potensial cərimə məbləği 2,7 milyard dollara qədər çata bilər.
Paylaş