Switch oyunlarını pirat yayan şəxs Nintendo-ya 4,5 milyon dollar ödəyəcək
ABŞ-nin Vaşinqton ştatındakı federal məhkəməsi “Nintendo Switch” oyunlarının pirat nüsxələrini yaymaqda ittiham olunan James Williams barədə qərar çıxarıb. Qərara əsasən, “Nintendo” şirkətinə 4,5 milyon dollar (təxminən 7,65 milyon manat) təzminat ödənilməlidir. Federal hakim Lauren King-in baxdığı iş üzrə qərar çərşənbə günü Williamsın iştirakı olmadan verilib. Buna səbəb onun iddianı məhkəmədə cavabsız qoyub prosesə qatılmaması olub.
“Archbox” adı ilə tanınan Williamsa qarşı iddia 2024-cü ildə qaldırılıb. “Nintendo”nun sözlərinə görə, o, “Reddit”dəki “r/SwitchPirates” icmasının əsas moderatorlarından biri olub və bir neçə pirat mağazanı idarə edib. İddiaya görə, Williams “Nintendo eShop” hədiyyə kartlarını və oyun nüsxələrini ianə adı altında toplayıb. Daha sonra həmin oyunların surəti çıxarılaraq onlayn mağazalarda yayılıb.
Təzminat 30 müəllif hüququ ilə qorunan oyun əsasında hesablanıb. Məhkəmə hər pozuntuya görə 150 min dollar (255 min manat) təzminat müəyyənləşdirib. Siyahıda “Animal Crossing: New Horizons”, “Luigi’s Mansion 3” və “Pikmin 4” kimi oyunlar var. Hakim Williamsın pirat oyunları və “Nintendo”nun qoruma sistemini keçmək üçün hazırlanan proqramları tanıtdığını, onların yayılmasına da kömək etdiyini qəbul edib.
Williams idarə etdiyi bütün pirat mağazalara girişi dərhal dayandırmalı, oyunların yayılmasında işlədilən sosial media hesablarını da bağlamalıdır. “r/SwitchPirates” icması hələ də işləyir, ancaq Williams artıq moderatorlar siyahısında görünmür. “Nintendo” bundan əvvəl Niderlandda da oxşar məhkəmə işini udub. Həmin qərarla pirat oyunları işlətmək üçün hazırlanan “Mig” yaddaş kartuşlarının satışı qanunsuz sayılıb.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...