Logo
    main-post-cover

    Tibbi səbəbə görə ISS missiyası vaxtından əvvəl başa çatdı

    Digər
    15.01.2026
    Sevinc
        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, SpaceX-in Dragon kosmik gəmisi ilə Beynəlxalq Kosmik Stansiyada (ISS) olan Crew-11 heyəti tibbi məsələ səbəbindən planlaşdırılandan bir ay əvvəl Yerə qayıdıb. Bu hadisə NASA-nın tarixində ilk dəfə olaraq bir missiyanı tibbi ehtiyat tədbiri məqsədilə vaxtından əvvəl dayandırması kimi qeydə alınıb.
         NASA heyət üzvlərindən hansında tibbi problem yarandığını və vəziyyətin detallarını açıqlamayıb. Agentlik yalnız bildirib ki, astronavtın vəziyyəti stabil olub və bu, fövqəladə tibbi evakuasiya halı sayılmayıb. Missiyanın erkən bitirilməsinin əsas səbəbi ISS-də dəqiq diaqnoz qoymaq üçün lazımi tibbi avadanlığın olmamasıdır.
         Crew-11 heyətinə NASA astronavtları Mayk Finke və Zena Kardman, Yaponiyanın JAXA agentliyindən Kimiya Yui və rus kosmonavt Oleq Platonov daxil idi. Onlar 1 avqust tarixində ISS-ə göndərilmiş və fevral ayına qədər orbitdə qalmalı idilər. Missiya qısaldılsa da, heyət ümumilikdə 167 gün kosmosda qalıb.
         Astronavtları daşıyan Dragon kapsulu 15 yanvar ABŞ-nin Kaliforniya ştatı yaxınlığında, San-Dieqo sahillərində okeana eniş edib. Enişdən sonra heyəti yoxlayan ilk şəxs SpaceX-in tibbi mütəxəssisi olub ki, bu da standart prosedur sayılır.
         Crew-11-in geri dönməsindən sonra ISS-də hazırda cəmi üç nəfər qalır: iki rus kosmonavt və NASA astronavtı Kris Uilyams. NASA isə Crew-12 missiyasının fevralın 15-nə planlaşdırılan uçuşunu daha tez həyata keçirmək imkanlarını nəzərdən keçirir.
    Paylaş