Ubisoft Rainbow Six Siege-in yeni mövsüm yeniliklərini təqdim etdi
“Rainbow Six Siege” üzrə Osaka turnirində 20 komanda əsas mükafat uğrunda yarışıb. Turnirin mükafat fondu 200 000 dollar (təxminən 340 000 manat) olub. Finaldan əvvəl “Doc” personajı formasında kubok göstərilib. Təqdimatda bu seçimin səbəbi də açıqlanıb: personaj yeni mövsümdə ciddi şəkildə yenilənəcək.
“Doc” artıq uzaqdakı komanda yoldaşlarını stimullaşdırıcı tapança ilə vuraraq sağaltmayacaq. Onu “E-HEAL Monitor” adlı yeni cihaz əvəz edəcək. “Doc” bu sistemlə xəritənin digər tərəfində, hətta divarın arxasında olan oyunçuları sağalda biləcək. Döyüşdə sıradan çıxmış komanda yoldaşlarını uzaqdan oyuna qaytarmaq da olacaq.
“Thunderbird” personajının “Kóna Station” cihazlarının sayı 3-dən 4-ə qalxacaq. Beləliklə, sağaltma məntəqələrini xəritənin daha geniş hissəsinə yerləşdirmək olar. Personajın silahları sırasına yeni “MBZ-19” da qoşulacaq. “Doom” seriyasından tanınan “Doom Slayer” görünüşü 22 dekabrda oyuna əlavə olunacaq.
“Bank” xəritəsində hücum və müdafiə komandaları arasındakı tarazlığı yaxşılaşdırmaq üçün yeni giriş açılacaq, çöldə əlavə sığınacaq yaradılacaq. Divarın yalnız müəyyən hissəsini möhkəmləndirən əlavə cihaz da müvəqqəti rejimdə sınaqdan keçiriləcək. Reytinqli rejim “Ranked Solo/Duo” və “Ranked Flex” seçimlərinə bölünəcək. Bununla tək və ya 2 nəfərlik oynayanlar əvvəlcədən qurulmuş böyük komandalarla daha az qarşılaşacaq. Reytinqli rejimi açmaq üçün tələb olunan səviyyə 50-dən 30-a endiriləcək.
Yeni “Social Hub” bölməsində “Ubisoft Connect” və oyun platformalarındakı dostlar eyni siyahıda görünəcək. Oyunçular komanda kodunu sosial şəbəkələrdə paylaşaraq dostlarını oyuna çağıra biləcəklər. Məhsulları daha rahat tapmaq üçün mağazanın görünüşü də yenilənəcək. Hər 20 qış gündəlik mükafatından 5-i xüsusi bayram paketi olacaq. Bir neçə “Alpha Pack” və tədbir paketini eyni anda açmaq da olacaq.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...
Ən çox oxunanlar