UK Games Expo tədbiri süni intellektlə hazırlanan məhsulları qadağan etdi
“UK Games Expo” süni intellektdən geniş istifadə edilərək hazırlanan oyunların və başqa məhsulların sərgidə göstərilməsini və satışını qadağan edib. Böyük Britaniyanın ən iri stolüstü oyun tədbiri bununla bağlı yeni qaydalarını açıqlayıb. Qadağa oyunlardakı mətnlərə, illüstrasiyalara və başqa yaradıcı materiallara da aiddir.
Yeni qaydalara görə, məhsul tamamilə və ya böyük ölçüdə süni intellekt alətləri ilə hazırlanıbsa, təşkilatçılar onun stenddən yığışdırılmasını tələb edə bilərlər. İştirakçı bu tələbi yerinə yetirməsə, stendi bağlana bilər. Həmin şəxsin və ya şirkətin gələcək “UK Games Expo” tədbirlərinə qatılması da qadağan oluna bilər. Təşkilatçı bu qərarla insan dizaynerlərin, rəssamların və yazıçıların orijinal işlərini qorumaq istədiyini deyib.
Qadağa yalnız stolüstü oyunlara aid deyil. Oyun mətnləri və təsvirlərindən başqa, aksessuarlar, əl işləri, incəsənət nümunələri, geyimlər, bədii və məlumat xarakterli kitablar da qaydaya daxildir. Kompüter alətlərindən yalnız yazı səhvlərini yoxlamaq, kiçik redaktələr aparmaq, istehsala kömək etmək və məhsulları daha əlçatan hala gətirmək üçün istifadə oluna bilər.
Qərar yaradıcı sahələrdə müəllif hüquqları ilə bağlı mübahisələrin artdığı dövrə təsadüf edir. “Anthropic” pirat kitabların “Claude” modelinin hazırlanmasında işlədilməsi ilə bağlı müəlliflərin iddiası üzrə 1,5 milyard dollar (təxminən 2 milyard 550 milyon manat) ödəməyə razılaşmışdı. “Meta” isə süni intellekt modelləri üçün 82 TB həcmində pirat kitab endirməkdə ittiham olunur. Rəssamlar və yazıçılar əsərlərinin icazəsiz işlədilməsindən, həmçinin iş imkanlarının azalmasından narahatdırlar.
“UK Games Expo” daha əvvəl əsasən süni intellektlə hazırlanmış stolüstü oyunu tanıtdığı üçün tənqid olunmuşdu. Narazılıq yazılan bəzi şərhlərin gizlədildiyi və ya silindiyi üzə çıxandan sonra mübahisə daha da böyümüşdü. Yeni qaydalar tədbirin əvvəlki yanaşmasından ciddi dönüş sayılır. Beləliklə, “UK Games Expo” süni intellektlə yaradılan məzmuna məhdudiyyət qoyan təşkilatların sırasına qoşulub.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...