
Android 14-də olacaq peyk rabitəsi funksiyasının təfərrüatları məlum olub
Əməliyyat sistemləri
29.08.2023
Emil
Android 14-ün Google Messages üzərindən peyk rabitəsi funksiyasını əldə edəcəyi barəsində məlumat hələ keçən il ortaya çıxmışdı. İndi isə bu funksiya barəsində yeni məlumatlar verilib. Tərtibatçılardan birinin Android 14-ün kodunda aşkar etmiş olduğu məlumatlara əsasən Google əməliyyat sistemində peyk rabitəsini fərdi şəkildə deyil, digər istehsalçının hazır platforması vasitəsilə reallaşdıracaq. Verilmiş məlumata əsasən Google Messages tətbiqinin son versiyasının kodu Google ilə Garmin şirkətləri arasındakı əməkdaşlığa işarə edir.
Tətbiqin dialoq pəncərələrindən birində belə bir bildiriş əks olunub. “Sizin fövqəladə vəziyyətiniz ilə bağlı məsələyə görə Garmin Response servisinə zəng etməyiniz məsləhət görülür. Danışıq prosesinin hər bir saniyəsinin qiyməti 1$ təşkil edir. Yeni fövqəladə vəziyyət barəsində məlumat vermək üçün yerli nömrəniz vasitəsilə təcili yardıma zəng etməyiniz məsləhət görülür”. Tətbiqin kod hissəsinin bu fraqmentindən anlamaq olar ki, sözügedən bildiriş peyk rabitəsi üzərindən kommunikasiyanın başa çatmasından sonra ortaya çıxır.
Çox güman ki, Android 14-də peyk rabitəsi təcili yardım xidmətləri ilə əlaqə yaratmaq üçün istifadə ediləcək. Buna həmçinin bildirişdəki Garmin Response servisinə müraciət də işarə edir. Garmin Response servisi öz növbəsində fövqəladə vəziyyətləri 7/24 monitorinq edir və üstəlik xilasetmə xidmətlərinin işlərinin koordinasiya edilməsində iştirak edir. Bu servisin işçiləri istifadəçinin yerləşdiyi yeri təyin edirlər və bu barədə məlumatı xilasetmə xidmətlərinə göndərirlər.
Paylaş
Bənzər xəbərlər