
Android 14 geolokasiya məlumatlarını yığan tətbiqləri təyin edə biləcək
Əməliyyat sistemləri
15.02.2023
Emil
Artıq sirr deyil ki, tətbiqlərin çoxu istifadəçilərin geolokasiya məlumatlarını yığır və daha sonra onları reklam məqsədlərində istifadə edirlər. Görünür, Android-in yeni versiyası bu məsələdə istifadəçilərin konfidensiallıqlarını daha yaxşı şəkildə qoruyacaq. Belə ki, Android 14-ün tərtibatçılar üçün nəzərdə tutulmuş test versiyasında istifadəçilərin xəbərləri olmadan onlar barəsində yığılan məlumatların sayının aşağı endirilməsinə imkan verəcək yeni funksiya aşkar edilib. Yeni funksiya Android 14 Developer Preview 1-də aşkar edilib və o, istifadəçinin yerləşdiyi yer barəsində məlumatlardan istifadə edən tətbiqlər üçün genişləndirilmiş konfidensiallıq ayarları şəklindədir.
Təqdim edilmiş fotolardan da görmək olar ki, Android 14-də reallaşdırılacaq yeni funksiya tətbiqlərə geolokasiya məlumatlarının yığılmasına icazənin verilib-verilməməsi imkanını təqdim edəcək. Bununla yanaşı funksiya yığılan geolokasiya məlumatlarının hansı məqsədlə üçüncü tərəflərə ötürülməsi ilə tanış olmağa şərait yaradacaq. Bundan əlavə olaraq Google ayarlar bölməsinə “Data sharing updates” adlı yeni bölmə əlavə edib. Bu bölmədə son 30 gün ərzində istifadəçi məlumatlarının ötürülməsi ilə bağlı ayarlarında dəyişikliklər etmiş tətbiqlərin siyahısı əks olunacaq. İstifadəçilər isə bu məlumatlarla tanış olaraq öz konfidensiallıqlarının qorunması istiqamətində əlavə tədbirlər görə biləcəklər.
Paylaş
Bənzər xəbərlər