10 saatlıq kəsinti: FCC Verizon hadisəsi ilə bağlı araşdırmaya başladı
Təhlükəsizlik
11.02.2026
Ilhama
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, ABŞ-nin Federal Communications Commission (FCC) yanvarın 14-də baş verən və minlərlə istifadəçini saatlarla rabitəsiz qoyan Verizon şəbəkə kəsintisi ilə bağlı ictimaiyyətə müraciət edib. Qurum hadisənin təsirlərini araşdırmaq üçün vətəndaşlardan və biznes subyektlərindən şəxsi təcrübələrini bölüşməyi xahiş edir.
Xatırladaq ki, ötən ay baş verən genişmiqyaslı nasazlıq nəticəsində minlərlə abunəçi 10 saatdan çox müddətdə zəng edə, mobil internetdən istifadə edə və mesaj göndərə bilməmişdi. FCC-nin İctimai Təhlükəsizlik və Daxili Təhlükəsizlik Bürosu indi istifadəçilərdən bu müddətdə hansı problemlərlə qarşılaşdıqlarını dəqiq şəkildə bildirmələrini istəyir.
Qurum xüsusilə aşağıdakı suallara cavab axtarır:
- Zəng və mesaj göndərmək mümkün idimi?
- Xidmət nə qədər müddətə kəsilmişdi?
- Digər mobil operatorların istifadəçiləri Verizon abunəçiləri ilə əlaqə qura bilirdimi?
Araşdırmanın əsas diqqət mərkəzi isə 911 təcili yardım zəngləridir. Nəzəri olaraq, mobil şəbəkə kəsintisi zamanı belə təcili zənglər digər operatorların qüllələri vasitəsilə qoşulmalıdır. Lakin praktikada bunun hər zaman baş vermədiyi bildirilir. Hadisə zamanı bəzi rəsmi fövqəladə xidmət qurumları 911 zənglərinin qoşulmaya biləcəyi barədə xəbərdarlıq etmiş, vətəndaşlara alternativ yollarla yardım istəməyi tövsiyə etmişdi. Sosial mediada isə bəzi istifadəçilər təcili yardım xidmətinə zəng edə bilmədiklərini iddia etmişdilər.
FCC indi xüsusilə 911-ə zəng edə bilməyən şəxslərin və bunun nəticəsində hər hansı zərər və ya xəsarət yaranıb-yaranmadığının bildirilməsini istəyir. Eyni zamanda, ilk müdaxilə edən qurumlar və dövlət strukturlarından da kəsintinin ictimai təhlükəsizliyə təsiri barədə məlumat toplanır.
Paylaş
Bənzər xəbərlər