main-post-cover

    Android əməliyyat sistemində yeni bank troyanları aşkar edilib

    Təhlükəsizlik
    02.06.2021
    Emil Nəcəfov
        Rumıniyanın Bitdefender adlı (eyniadlı antivirusun yaradıcısı) şirkəti Android istifadəçiləri üçün ortaya çıxmış yeni təhlükə barəsində məlumat verib. Şirkət mütəxəssislərinin sözlərinə əsasən viruslarla zəngin olan saxta tətbiqlər internetdə aktiv şəkildə yayılırlar və onlar istifadəçilərin fərdi məlumatlarını oğurlamağa yönəlikdirlər. Təqdim olunmuş hesabata əsasən zərərli proqram təminatları bir sıra məşhur tətbiqlər kimi maskalanırlar. Onların arasında VLC, FedEx, DHL və s. kimi məşhur tətbiqlər var.
        Maraqlısı ondadır ki, zərərli proqram təminatlarının maskalandığı daha bir məşhur tətbiq isə Kaspersky antivirusudur. Sözügedən tətbiqlər smartfona quraşdırılandan sonra cihaz Teabot Flubot adlı troyanlara yoluxur. Bunlar bu il aşkar edilmiş bank troyanlarıdır və onların əsas məqsədləri istifadəçilərin fərdi məlumatlarını oğurlamaqdır. Məlumatda qeyd edilib ki, Teabot troyanı mesajları və Google autentifikasiya kodlarını əldə edə, cihaz klaviaturasında istifadəçinin hər hansı bir mətn yığması zamanı kliklənən düymələri təyin edə və hətta cihazı bütövlüklə öz idarəsi altına ala bilər.
        Flubot troyanı da həmçinin mesajlardakı mətnləri təyin edə və istifadəçinin fərdi məlumatlarını oğurlaya bilir. Bundan əlavə olaraq Flubot zərərli SMS mesajlar vasitəsilə digər cihazlara da yayıla bilir. Ənənəvi olaraq mütəxəssislər qeyd ediblər ki, onlar kənar mənbələrdən bu və ya digər tətbiqi yükləməyi məsləhət görmürlər və istifadəçiləri yalnız Google Play-dən istifadə etməyə çağırırlar. 
    Linki kopyala