Apple-ın yeni çip strategiyası milli təhlükəsizlik müzakirələrini alovlandırdı
Təhlükəsizlik
29.06.2026
Sevinj
ABŞ-nin texnologiya nəhəngi olan Apple qlobal yaddaş çipi böhranının yaratdığı qiymət təzyiqini azaltmaq üçün Donald Tramp administrasiyasına müraciət edib. Şirkət Çinin dövlətlə əlaqələri səbəbindən ABŞ-nin qara siyahısına daxil edilmiş çip istehsalçısı CXMT-dən (ChangXin Memory Technologies) RAM yaddaş çipləri almaq üçün xüsusi icazə istəyir.
Məlumata görə, Apple bir aydan çox əvvəl ABŞ Ticarət Nazirliyi və Vaşinqtondakı digər dövlət qurumları ilə danışıqlara başlayıb. Şirkətin məqsədi Mac kompüterlərində istifadə olunan yaddaş çiplərinin tədarükünü şaxələndirmək və artan istehsal xərclərini azaltmaqdır. Lakin CXMT ABŞ Müdafiə Nazirliyinin "Çin Hərbi Şirkətləri Siyahısı"nda yer alır. Pentaqon bu şirkətin Çin Xalq Azadlıq Ordusu ilə əlaqələrinin olduğunu və ABŞ-nin milli təhlükəsizliyi üçün risk yarada biləcəyini düşünür.
Hazırda Apple-ın bu şirkətdən çip almasına hüquqi qadağa yoxdur. Ancaq belə bir əməkdaşlıq şirkətin ABŞ hökuməti ilə münasibətlərinə və dövlət qurumlarına məhsul satışına mənfi təsir göstərə bilər. Bundan əlavə, CXMT gələcəkdə ABŞ-nin "Entity List" siyahısına əlavə edilərsə, şirkətlə bütün ticarət əlaqələri tamamilə qadağan oluna bilər.
Məsələ ABŞ siyasətçilərinin də sərt reaksiyasına səbəb olub. ABŞ Nümayəndələr Palatasının Çin üzrə Komitəsinin sədri Con Mulanar bildirib ki, Apple-ın belə bir addım atması "böyük səhv" olar və bu, Çinin strateji texnologiya təchizat zəncirində daha da güclənməsinə kömək edər.
Qeyd edək ki, Apple daha əvvəl də Çinin YMTC şirkətindən yaddaş çipləri almağı planlaşdırmış, lakin ABŞ siyasətçilərinin təzyiqi nəticəsində bu ideyadan geri çəkilmişdi. Ekspertlər hesab edir ki, Apple üçün əsas problem çiplərin qiyməti deyil, ABŞ hökumətinin siyasi və milli təhlükəsizlik narahatlıqlarıdır. Şirkət yeni təchizatçı axtarışını davam etdirsə də, bu qərarın siyasi qiymətinin çox yüksək ola biləcəyi vurğulanır.
Paylaş