Logo
    main-post-cover

    Apple iPhone, iPad və Mac üçün ilk “fon təhlükəsizlik” yeniləməsini yayımladı

         Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Apple iPhone, iPad və Mac cihazları üçün yeni təhlükəsizlik mexanizmini istifadəyə verərək ilk “fon təhlükəsizlik yeniləməsini” (background security improvement) yayımlayıb. Şirkətin açıqladığı məlumata görə, yeniləmə Safari brauzerində aşkar edilmiş təhlükəsizlik boşluğunu aradan qaldırmaq məqsədi daşıyır.
        Apple-ın yaydığı təhlükəsizlik bildirişində qeyd olunur ki, problem Safari və digər tətbiqlərin əsasını təşkil edən WebKit brauzer mühərrikində aşkar edilib. Təhlükəsizlik tədqiqatçısı tərəfindən müəyyən edilən bu boşluqdan sui-istifadə edildiyi halda, zərərli veb-sayt eyni brauzer sessiyası daxilində başqa bir sayta aid məlumatlara çıxış əldə edə bilərdi.
        Şirkət bildirir ki, “fon təhlükəsizlik yeniləmələri” böyük sistem yeniləmələrini gözləmədən istifadəçilərə vacib təhlükəsizlik düzəlişlərini çatdırmaq üçün nəzərdə tutulmuş daha yüngül proqram təminatı paketləridir. Bu yeniləmələr əsasən Safari, WebKit mühərriki və müəyyən sistem kitabxanaları kimi komponentlərdə yaranan riskləri operativ şəkildə aradan qaldırmağa kömək edir.
        Yeni funksiya iOS, iPadOS və macOS-un 26.1 və daha yeni versiyalarında işləyən cihazlar üçün təqdim olunub. Yeniləmə adi böyük sistem yeniləmələrindən fərqli olaraq daha sürətli quraşdırılır və yalnız qısa bir restart tələb edir.
        Apple bu konkret boşluğun hansı səbəbdən təcili şəkildə bağlandığını açıqlamayıb və şirkət nümayəndələri məsələ ilə bağlı əlavə şərh verməyib. Bundan əvvəl isə Apple yeniləmə mexanizmini istifadəyə verməzdən öncə onu test istifadəçiləri üzərində sınaqdan keçirərək bir neçə təhlükəsizlik düzəlişi yayımlamışdı.
    Paylaş