main-post-cover

    Apple şirkətinin Lockdown Mode adlı yeni bloklama rejimi istifadəçilərin izlənməsini sadələşdirir

    Təhlükəsizlik
    26.08.2022
    Emil Nəcəfov
        iOS 16, iPadOS 16 macOS Ventura əməliyyat sistemlərində reallaşdırılmış əsas yeniliklərdən biri də Lockdown Mode adlı yeni bloklama rejimidir. Sözügedən bloklama rejimi yüksək səviyyəli konfidensiallığa ehtiyac duyan istifadəçiləri qorumaq üçün nəzərdə tutulub. Lakin kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Cryptee adlı şirkətin rəhbəri John Ozbay-ın sözlərinə əsasən reallıqda bu funksiya tamamilə əks effekti verir. Lockdown Mode rejimi cihazlardakı bəzi funksiyaları deaktiv edir və bu da öz növbəsində onları NSO Group RCS Labs kimi özəl şirkətlərdən ola biləcək məqsədyönlü kiberhücumlardan qoruyur. Apple şirkətinin sözlərinə əsasən Lockdown Mode rejimi əsasən risk altında olan jurnalistlər, aktivistlər və dövlət qulluqçuları üçün lazımdır.
        Cryptee şirkətinin rəhbəri olan John Ozbay bildirib ki, Apple şirkətinin reallaşdırmış olduğu bu yeni funksiya istifadəçilərin bəzi məlumatlarının təyin edilməsi prosesini sadələşdirir. Lockdown Mode rejimi tərəfindən cihazın bəzi sistem funksiyalarının deaktiv edilməsi həmçinin saytlara istifadəçinin bu rejimi aktivləşdirmiş olduğunu anlamağa imkan verir. Bəzi resurslar istifadəçinin təsvirini cookie fayllardan istifadə etmədən sadəcə olaraq kombinasiya edilmiş bəzi məlumatlar sayəsində yarada bilirlər. Kombinasiya edilmiş bu cür məlumatlar arasında IP ünvanlar, veb şriftlər, cihazın ekran ölçüsü və deaktiv edilmiş pluginlər ilə funksiyalar var.
        John Ozbay öz fərziyyəsini sübut etmək üçün o, cihazda bloklama rejiminin aktiv olub-olmadığını təyin edə bilən xüsusi sayt yaradıb. Saytın bunu təyin etməsi üçün minimum 5 dəqiqəyə ehtiyacı olur. Mütəxəssisin sözlərinə əsasən əgər sayt cihazın IP ünvanını əldə və cihazda bloklama funksiyasının aktiv olduğunu təyin edirsə, bu, həmin cihazın istifadəçisinə daha çox diqqəti cəlb edir. Apple öz növbəsində John Ozbay ilə əlaqə yaradaraq ona bildirib ki, Lockdown Mode rejimi veb şriftləri bloklayır. Bu isə istifadəçinin identifikasiyasını qəlizləşdirir. Lakin bu, problemi tam aradan qaldırmır. Bununla belə bəzi mütəxəssislərin sözlərinə əsasən əgər bu funksiyanı aktivləşdirəcək istifadəçilərin sayı daha çox olsa, onlar digər şəxslərin sırasına qarışa bilərlər.
    Linki kopyala