Apple və Tesla sənədləri hakerlərin əlinə keçib
Təhlükəsizlik
23.06.2026
Sevinj
Hindistanın ən böyük elektronika istehsalçılarından biri olan Tata Electronics kiberhücumun qurbanı olub. Hücum nəticəsində Apple və Tesla şirkətlərinə aid olduğu iddia edilən yüz minlərlə məxfi faylın internetə sızdırıldığı bildirilir. Hücumu həyata keçirdiyini iddia edən World Leaks adlı haker qrupu zavoddan 630 GB-dan çox məlumat əldə etdiyini açıqlayıb. Qrupun paylaşdığı məlumatlarda ümumilikdə 200 mindən artıq faylın olduğu və onların bir hissəsinin Apple və Tesla ilə bağlı sənədlərdən ibarət olduğu qeyd edilir.
Tata Electronics hadisəni təsdiqləyərək bir neçə həftə əvvəl bəzi sistemlərində kibertəhlükəsizlik insidentinin aşkarlandığını bildirib. Şirkətin sözçüsü dərhal müdaxilə tədbirlərinin görüldüyünü və hücumun istehsalat əməliyyatlarına təsir göstərmədiyini vurğulayıb. Sızdırıldığı iddia edilən məlumatlar arasında Apple-a aid “com.apple.factorydata” adlı fayllar, material spesifikasiyaları və iPhone-un çap lövhələrinin (PCB) keyfiyyət yoxlama standartlarını əhatə edən 52 səhifəlik sənəd də var. Təhlükəsizlik tədqiqatçılarının sözlərinə görə, məlumatlar arasında bəzi əməkdaşların pasport surətləri və uzun illərə aid sistem qeydləri də yer alır.
Tesla ilə bağlı hissədə isə şirkətin 2023-cü ildə təqdim etdiyi yenilənmiş Model 3 “Highland” layihəsinə aid çertyojların, həmçinin 2025-ci ilin may tarixinə aid istehsal və montaj sənədlərinin olduğu iddia edilir. Bundan əlavə, Model Y elektromobilində istifadə olunan bəzi komponentlərə dair məlumatların da sızdırıldığı bildirilir. Hazırda nə Apple, nə də Tesla məlumatların həqiqiliyini rəsmi şəkildə təsdiqləyib. Apple məsələ ilə bağlı ictimai açıqlama verməsə də, şirkətə yaxın mənbələr hadisənin ətraflı araşdırıldığını bildirir.
Bu, son aylarda Apple təchizat zəncirinə qarşı həyata keçirilən ilk kiberhücum deyil. 2026-cı ilin may ayında ABŞ-da yerləşən Foxconn müəssisəsi də haker hücumuna məruz qalmış və sonradan yayılan məlumatların bir hissəsinin həqiqətən Apple-a aid olduğu təsdiqlənmişdi. Mütəxəssislər hesab edirlər ki, süni intellekt və yüksək texnologiya sektorunda fəaliyyət göstərən şirkətlərin təchizat zəncirinə yönələn hücumlar yaxın illərdə daha da arta bilər.
Paylaş