Logo
    main-post-cover

    Bluesky çökdü: səbəb DDoS hücumu oldu

        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Bluesky son saatlarda istifadəçilər üçün ciddi problemlərlə üzləşib. Şirkət açıqlayıb ki, baş verən nasazlıqların əsas səbəbi genişmiqyaslı DDoS hücumu olub.
        Məlumata görə, problem ilk dəfə ABŞ vaxtı ilə gecə saat 01:42-də başlayıb və gün ərzində davam edib. İstifadəçilər lentin yenilənməsində, bildirişlərdə, paylaşımların açılmasında və axtarış funksiyalarında fasilələrlə problemlər yaşayıblar. Hətta platformanın öz status səhifəsi belə müəyyən anlarda əlçatmaz olub. Bluesky-nin açıqlamasında bildirilir ki, şirkət gün ərzində getdikcə güclənən “mürəkkəb Distributed Denial-of-Service (DDoS)” hücumunu neytrallaşdırmağa çalışıb. Bu tip hücumlar serverləri həddindən artıq yükləyərək xidmətin əlçatanlığını pozmağa yönəlir.
    Şirkət əlavə edib ki, DDoS hücumları bəzən daha ciddi kiberhücumları gizlətmək üçün istifadə olunsa da, hazırda istifadəçi məlumatlarının sızdırılması ilə bağlı heç bir sübut aşkar edilməyib. Hazırda problem tam aradan qaldırılmayıb və fasilələrlə davam edir. Platforma vəziyyətlə bağlı yenilənmiş məlumatları paylaşacağını bildirib.
    Paylaş