main-post-cover

    Dələduzlar Meta şirkətinə aid olduğunu iddia edərək saxta META kriptovalyutalarını yaradırlar

    Təhlükəsizlik
    01.12.2021
    Emil Nəcəfov
        Facebook öz şirkət adını Meta-ya dəyişəndən sonra dələduzlar bu cür imkandan istifadə etməyə qərar veriblər. Bu səbəbdən də onlar adları META-ya qısaldılmış müxtəlif kriptovalyutaları yaratmağa başlayıblar. The Crypto Basic saytının məlumatına əsasən 28 oktyabr tarixində Facebook öz şirkət adını Meta-ya dəyişəndən sonra dələduzlar tərəfindən yüzlərlə token yaradılıb və həmin tokenlərin adlarında META sözü mövcuddur. Buna misal olaraq Meta Coin-i gətirmək olar. Bu cür üsul ilə dələduzlar adi istifadəçiləri öz saxta layihələrinə cəlb etməyə çalışırlar. Bundan əlavə olaraq dələduzlar istifadəçilərə bildirirlər ki, tokenlərin sayı həddindən çoxdur.
        Hətta elə dələduzlar var ki, trilyonlarla tokenin mövcudluğu barəsində istifadəçilərə məlumat verirlər. Bu səbəbdən tokenlərin ilkin qiymətləri çox aşağı olur. Lakin tokenlərin qiymətləri hətta 10 sentə qədər bahalaşsa belə investorlar ciddi şəkildə varlanacaqlar. Məsələn adı çəkilmiş Meta Coin-in qiyməti artıq 0.000000035$ təşkil edir. Başqa sözlə desək, 35$-a 1 milyard token əldə etmək olar. Əgər tokenlərin qiymətləri 10 sentə qədər bahalaşsalar, ilkin 35$ artıq 100 milyon dollara çevriləcək. Təbii ki, tokenlər heç zaman hətta 1 sentə qədər bahalaşmayacaqlar.
        Belə ki, bu cür saxta kriptovalyutaların yaradıcıları istifadəçilərdən lazımi vəsaiti yığdıqdan sonra tez zamanda ortadan yox olacaqlar. Nəticədə isə investorlar heçnə əldə etməyəcəklər. Saxta META kriptovalyutalarına gəldikdə isə onlar Binance Smart Chain adlı blockchain əsasında qurulublar. Lakin bu cür kriptovalyutanı istənilən şəxs yarada bilər. Yəni başqa sözlə desək, partnyorlar siyahısında Binance birjasının olması nəsə bir üstünlük qazandırmır. Digər tərəfdən bu cür kriptovalyutaların arxasında əslində dələduzluq sxeminin olduğunu təyin etmək də asan məsələ deyil. Lakin META kriptovalyutasının Meta şirkətinə aid olmadığını anlamağın bir yolu var. Sadəcə olaraq bilmək lazımdır ki, Meta şirkəti rəqəmsal valyutaya sahib deyil.
    Linki kopyala