Google Wiz-i 32 milyard dollara satın aldı
Təhlükəsizlik
11.03.2026
Ilhama
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Google rəsmi olaraq Wiz-i 32 milyard dollar nağd ödəniş qarşılığında satın aldığını açıqlayıb. Bu razılaşma texnologiya nəhənginin tarixində həyata keçirdiyi ən böyük satınalma kimi qeydə alınıb.
Bulud təhlükəsizliyi platforması təqdim edən Wiz böyük şirkətlərə müxtəlif bulud mühitlərində kibertəhdidlərin qarşısını almaq və onlara operativ reaksiya vermək imkanı yaradır. Şirkət satınalmadan sonra Google Cloud strukturuna qoşulacaq, lakin öz brend adını qoruyacaq və fərqli bulud platformalarında müştərilərə xidmət göstərməyə davam edəcək.
Google bildirib ki, bu addım Google Cloud-un təhlükəsizlik imkanlarını gücləndirmək və təşkilatların istənilən bulud və ya süni intellekt platformasında daha sürətli və təhlükəsiz şəkildə fəaliyyət göstərməsinə şərait yaratmaq məqsədi daşıyır.
Qeyd edək ki, Google ilk dəfə Wiz-i 2024-cü ildə 23 milyard dollara almaq istəyib, lakin şirkətin CEO-su Assaf Rappaport biznesin gələcəkdə daha böyük dəyərə çatacağına inandığı üçün təklifi qəbul etməyib. Danışıqlar 2025-ci ilin əvvəlində yenidən başlayıb və tərəflər ötən ilin mart ayında yekun razılığa gəliblər.
Paylaş