Logo
    Haker Raspberry Pi Pico mikrokontrolleri ilə Xbox 360-ın müdafiəsini keçib

    Haker Raspberry Pi Pico mikrokontrolleri ilə Xbox 360-ın müdafiəsini keçib

        Şotlandiyalı haker Joshua Kennedy 9 il əvvəl yarımçıq qoyduğu “Xbox 360” layihəsini ucuz “Raspberry Pi Pico” ilə tamamlayıb. Mikrokontrollerin başlayan qiyməti 4 dollar (təxminən 7 manat), bəzi bazarlarda 5 avro (10 manat) və ya 5 funtdur (11 manat). Kennedy konsolun qoruma sistemini keçərək prosessorda istədiyi kodu işə sala bilib. Əvvəllər bunun üçün xüsusi avadanlıq və ayrıca siqnal çipi lazım idi.
        Haker 2011-ci ildə aşkarlanan və prosessorun məcburi sıfırlanması ilə bağlı boşluqdan yararlanıb. Çox zəif elektrik siqnalı dəqiq anda prosessorun sıfırlama girişinə göndərilir. Nəticədə prosessor həmin vaxt işlədiyi əmri səhv icra edir və “Microsoft”un şifrələməyə əsaslanan müdafiəsi keçilir. Ancaq siqnalın vaxtı nanosaniyə dəqiqliyi ilə seçilməlidir. Uğurlu nəticə üçün bəzən bir neçə cəhd lazım olur.
        Kennedy 2017-ci ildə “Matrix Coolrunner Rev D” adlı siqnal çipi almışdı. Lakin layihə çoxlu naqilin lehimlənməsini, konsolun NAND yaddaşı ilə işləməyi və ayrıca proqramlayıcı qurğuları tələb edirdi. O, köhnə kompüterin paralel portunu proqramlayıcı kimi işlətməyə də çalışmışdı. Cəhd uğursuz olduğuna görə layihə yarımçıq qalmışdı. Bu il “Raspberry Pi Pico” həmin işləri daha sadə üsulla görməyə kömək edib.
        Yeni cəhddə Kennedy “Raspberry Pi Pico”nu konsolun NAND yaddaşının bağlantı nöqtəsinə qoşub. Daha sonra “PicoFlasher” proqramı ilə daxili proqramın surətini çıxarıb. Ardınca müxtəlif “Xbox 360” versiyalarında düzgün müdaxilə anını seçən “Octal450 Timing Files” fayllarını “Matrix Coolrunner” çipinə yükləyib. Uyğun vaxt aralığı konsolun aparat versiyasına görə dəyişir. Beləliklə, 9 il əvvəl baş tutmayan layihə 4 dollarlıq mikrokontrollerlə tamamlanıb.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...