Hindistan yeni smartfonlara kibertəhlükəsizlik tətbiqi quraşdırılmasını tələb edir
Təhlükəsizlik
01.12.2025
Sevinc
Technote.az "Reuters" platformasına istinadən bildirir ki, Hindistan Telekommunikasiya Nazirliyi istehsalçılara göndərdiyi yeni təlimatda bütün yeni smartfon modellərində dövlətə məxsus “Sanchar Saathi” kibertəhlükəsizlik tətbiqinin əvvəlcədən quraşdırılmasını tələb edir. Sənədə görə, tətbiq silinə bilməz və deaktiv edilə bilməz. Bu addım xüsusilə Apple kimi məxfilik siyasətinə həssas şirkətlərin narazılığına səbəb ola bilər.
Hindistan dünyanın ən böyük telefon bazarlarından biridir və 1,2 milyarddan çox abunəçi var. Hökumətin yanvar ayında istifadəyə verdiyi tətbiq artıq 700,000-dən çox itirilmiş və oğurlanmış telefonu tapmağa kömək edib və yalnız oktyabr ayında 50,000 cihaz geri qaytarılıb. Yeni göstəriş Apple, Samsung, Vivo, Oppo və Xiaomi kimi istehsalçıları əhatə edir. Reuters-in əldə etdiyi 28 noyabr tarixli sənədə əsasən, şirkətlərə tətbiqi yeni cihazlara əlavə etmək üçün 90 gün vaxt verilir. Təchizat zəncirində artıq olan telefonlarda isə tətbiqin proqram yeniləməsi vasitəsilə göndərilməsi tələb olunur.
Nazirlik bu addımı IMEI nömrələrinin kopyalanması və saxtalaşdırılması ilə bağlı ciddi kibertəhlükəsizlik təhdidlərini aradan qaldırmaqla izah edir. Tətbiq istifadəçilərə IMEI yoxlamaq, şübhəli zəngləri bildirmək və oğurlanmış cihazları mərkəzi reyestrdən bloklamaq imkanı verir. Bu zamana qədər tətbiq 5 milyon dəfə yüklənib, 3,7 milyon oğurlanmış cihaz bloklanıb və 30 milyon saxta bağlantı ləğv olunub.
Apple-ın daxili siyasəti üçüncü tərəf və ya hökumət tətbiqlərinin cihaz satışından əvvəl quraşdırılmasına icazə vermir. Analitiklər ehtimal edir ki, şirkət hökumətə qarşı açıq şəkildə getmək əvəzinə, məcburi quraşdırma əvəzinə istifadəçiləri tətbiqi yükləməyə təşviq edən alternativ formula çalışacaq.
Paylaş