Logo
    main-post-cover

    Hugging Face kibertəhlükəsizlik insidentini təsdiqlədi

        Süni intellekt modelləri və məlumat dəstlərinin yerləşdirildiyi məşhur Hugging Face platforması ötən həftə baş verən kibertəhlükəsizlik insidenti zamanı şirkətin daxili məlumat dəstləri və bəzi xidmət giriş məlumatlarının komprometasiya olunduğunu təsdiqləyib. Şirkətin açıqlamasına görə, hücumçular platformaya yüklənmiş məlumat dəstlərindən birindəki təhlükəsizlik boşluğundan istifadə edərək serverlərdə zərərli kod icra ediblər. Bu isə onlara sistem daxilində səlahiyyətlərini artırmağa və Hugging Face-in daxili infrastrukturuna daha geniş giriş əldə etməyə imkan verib.
    In this photo illustration, Hugging Face logo is displayed on a mobile phone screen in Ankara, Turkiye.
        Hugging Face oğurlandığı müəyyən edilən bütün giriş məlumatlarını ləğv etdiyini və yenilədiyini bildirib. Eyni zamanda platformada API açarları və digər giriş məlumatları saxlayan istifadəçilərə bu açarları dərhal yeniləmək, həmçinin hesablarında şübhəli fəaliyyət olub-olmadığını yoxlamaq tövsiyə olunub. Şirkət hücum zamanı istifadə edilən təhlükəsizlik boşluğunun artıq aradan qaldırıldığını açıqlayıb. Hazırda araşdırma davam edir və hələlik müştərilərə və ya tərəfdaşlara məxsus məlumatların oğurlanıb-oğurlanmadığı məlum deyil.
        Hugging Face hücumun "xarici AI agenti" tərəfindən həyata keçirildiyini iddia edir. Şirkətin məlumatına görə, həmin sistem qısaömürlü "sandbox" mühitlərində minlərlə əməliyyat icra edib və idarəetmə mexanizmini müxtəlif ictimai xidmətlər üzərindən dinamik şəkildə dəyişərək fəaliyyət göstərib. İnsident Hugging Face-in anomaliya aşkarlama sistemi tərəfindən müəyyən edilib. Şirkət əvvəlcə kommersiya AI modelindən istifadə edərək server qeydlərini analiz etməyə çalışsa da, modelin təhlükəsizlik məhdudiyyətləri bu prosesi çətinləşdirib. Nəticədə araşdırma üçün Hugging Face öz lokal böyük dil modelindən (LLM) istifadə edib. Bu yanaşma həm də həssas server qeydlərinin üçüncü tərəf AI xidmətlərinə göndərilməsinin qarşısını alıb.
    Paylaş