main-post-cover

    Keçən il hackerlər ümumilikdə 3 milyard dollardan çox dəyərə sahib kriptovalyuta oğurlayıblar

    Təhlükəsizlik
    03.02.2023
    Emil Nəcəfov
        Blockchain üzrə Chainalysis adlı analitik şirkətin təqdim etmiş olduğu hesabata əsasən keçən il hackerlər kriptovalyuta şirkətlərindən ümumilikdə 3.8 milyard dollar dəyərində rəqəmsal aktiv oğurlayıblar. Bununla belə kriptovalyutaların oğurlanmasında iştirak etmiş hackerlərin əksəriyyəti Şimali Koreya ilə əlaqəli olub. Müqayisə üçün qeyd etmək lazımdır ki, 2021-ci ildə hackerlər ümumilikdə 3.3 milyard dollar dəyərində kriptovalyuta oğurlamışdılar. Chainalysis şirkətinin məlumatına əsasən Şimali Koreya ilə əlaqəli olan hackerlər il ərzində kompüter sistemlərinin hack edilməsi vasitəsilə 1.7 milyard dollar dəyərində kriptovalyuta oğurlayıblar.
        Bu isə 2021-ci ildə oğurlanmış 429 milyon dollarlıq kriptovalyuta göstəricisindən qat-qat yüksəkdir. FBI həmin hackerləri keçən ilin mart ayında Ronin adlı blockchain platformasına reallaşdırılmış kiberhücumda günahlandırır. Qeyd etmək laızmdır ki, Axie Infinity adlı NFT oyun məhz Ronin blockchain platforması əsasında çalışır. Keçən ilin mart ayında sözügedən blockchain platformasına reallaşdırılmış kiberhücum çərçivəsində hackerlər 625 milyon dollar dəyərində kriptovalyuta oğurlamışdılar.
        “Şimali Koreyanın 2020-ci ildəki məhsul eksportunun həcmi 142 milyon dollar təşkil etmişdi. Buna görə də söyləmək olar ki, kriptovalyuta platformalarının hack edilməsi bu ölkənin iqtisadiyyatının vacib hissəsini təşkil edir” - deyə Chainalysis şirkəti qeyd edib. Keçən il hackerlərin əsas hədəfləri DeFi protokollarının hack edilməsi olub. Bu protokolların hack edilməsi nəticəsində hackerlər ümumilikdə 3.1 milyard dollar dəyərində kriptovalyuta oğurlayıblar. Bu isə keçən il oğurlanmış bütün kriptovalyutaların 82.1%-ni təşkil edir.
    Linki kopyala