Kibertəhlükəsizlik bazarında milyardlıq razılaşma!
Təhlükəsizlik
26.12.2025
Sevinc
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, müəssisələr üçün proqram təminatları hazırlayan ServiceNow kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən startap Armis-i 7,75 milyard dollar nağd vəsait qarşılığında satın almağa razılaşıb. Bu razılaşma Armis üçün ciddi dəyər artımı deməkdir. Cəmi bir ay əvvəl şirkət IPO öncəsi maliyyələşmə mərhələsində 435 milyon dollar cəlb etmiş və 6,1 milyard dollar dəyərində qiymətləndirilmişdi.
Armis-in həmtəsisçisi və icraçı direktoru Yevgeny Dibrov ötən ay TechCrunch-a verdiyi açıqlamada şirkətin 2026–2027-ci illərdə IPO planlaşdırdığını və birja çıxışını “şəxsi arzusu” adlandırmışdı. Lakin IPO bazarlarının qeyri-stabil olması və kibertəhlükəsizlik şirkətlərinin nadir hallarda açıq bazara çıxması fonunda Armis üçün M&A çıxışı daha real seçim olub.
ServiceNow-un açıqlamasına görə, Armis hazırda 340 milyon dollar illik təkrarlanan gəlirə (ARR) malikdir və illik artım tempi 50 %-dən yüksəkdir. Armis əsasən Fortune 500 şirkətləri və dövlət qurumları üçün kritik infrastrukturun qorunmasına yönəlmiş təhlükəsizlik həlləri təqdim edir. Bu satınalma ServiceNow-un kibertəhlükəsizlik portfelini genişləndirməsinə imkan verəcək.
Qeyd edək ki, 2025-ci il ServiceNow üçün aktiv satınalma ili olub. Şirkət daha əvvəl Moveworks-u 2,85 milyard dollar, eləcə də kibertəhlükəsizlik startapı Veza-nı 1 milyard dollar qarşılığında almağa razılaşıb.
Paylaş