Logo
    Meta-da uşaqların cinsi istismarı ilə bağlı 250-dən çox reklam tapılıb

    Meta-da uşaqların cinsi istismarı ilə bağlı 250-dən çox reklam tapılıb

        “Meta” şirkətinin “Facebook”, “Instagram” və “Threads” platformalarında uşaqların cinsi istismarını əks etdirən 250-dən çox əlavə reklam aşkarlanıb. Bu reklamlar avqustun əvvəlindən yayımlanıb. Onların bir hissəsində real uşaqların fotolarından istifadə olunub. Şirkət daha əvvəl buna bənzər təxminən 50 reklamı silmişdi. Zərərli reklamları daha yaxşı bloklamaq üçün hazırlanan yeni süni intellekt sistemi də bütün materialları vaxtında müəyyən edə bilməyib.
        Ötən ilin sonundan bəri “Meta” platformalarında yayımlanan bu tip video reklamların sayı 350-ni keçib. Araşdırma zamanı fotolarından istifadə olunan 4 azyaşlının kimliyi müəyyənləşdirilib. Onlardan 3-ü ABŞ ərazisində yaşayır. Digər görüntü isə Avropadakı kral ailələrindən birinin azyaşlı üzvünə aid rəsmi foto əsasında hazırlanıb. Reklamlarda adi fotolar süni intellekt vasitəsilə seksual məzmuna çevrilib. Reklam keçidləri üz dəyişdirməyə və insanları fotolarda çılpaq göstərməyə imkan verən tətbiqlərə aparıb.
        Bu reklamlar Avropa İttifaqında 29 000-dən çox, Böyük Britaniyada isə təxminən 7 000 hesaba göstərilib. Ətraflı baxış göstəricilərinin açıqlanmadığı digər bazarlarda 250-dən çox reklam ABŞ ərazisində, 120 reklam Avstraliyada, 80 reklam isə Hindistanda qeydə alınıb. Bəzi şikayətlərin araşdırılması 1 həftə çəkib. Bu müddətdə reklamların baxış sayı artmağa davam edib. Aşkarlanan materiallar İtkin və İstismar Olunmuş Uşaqlar üzrə Milli Mərkəzə (NCMEC) də göndərilib.
        “Meta” real uşaqların və ya süni intellektlə hazırlanmış görüntülərin yer aldığı istismar məzmununa dözümlü yanaşmadığını bildirib. Şirkət insanları fotolarda çılpaq göstərən tətbiqlərə də icazə vermədiyini deyir. “Meta”nın məlumatına görə, reklamların çoxu artıq silinib və onların əksəriyyəti 200 baxış həddinə çatmayıb. Şirkət bu reklamlardan 5000 dollardan az (8500 manatdan az) ödəniş aldığını açıqlayıb. Bildirilir ki, videoların qısa və bulanıq olması onların avtomatik sistemlər tərəfindən aşkarlanmasını çətinləşdirib.
        Reklamlar istifadəçiləri “Google Play Store” və “Apple App Store” mağazalarında yerləşdirilən təxminən 50 tətbiqə yönləndirib. Təxminən 300 reklam süni intellektlə şəkil və video hazırlayan tətbiqləri tanıdıb. Bu tətbiqlərin çoxunun Çində yerləşən tərtibatçılarla əlaqəli olduğu müəyyənləşdirilib. “Apple” əvvəlcə 17 tətbiqi silib, qalan 3 tətbiqlə bağlı tədbir görüb. Şirkət eyni quruluşa malik daha 7 tətbiqi də mağazadan çıxarıb. “Google” isə siyahıdakı bütün tətbiqləri sildiyini açıqlayıb.
        Məsələ ABŞ və Avstraliyadakı tənzimləyici qurumların diqqətini çəkib. Miçiqan və Florida baş prokurorluqları araşdırma apardıqlarını bildiriblər. Avstraliyanın internet təhlükəsizliyi qurumu isə “Meta”dan yüksək səviyyədə izahat tələb edib. Eyni zamanda, uşaqlara zərər vurulması ilə bağlı iddialar üzrə məhkəmə razılaşmalarının ümumi məbləği 16,7 milyard dollara qədər (təxminən 28,4 milyard manat) çata bilər. Fevraldan bəri “Meta” platformalarında insanları fotolarda çılpaq göstərən tətbiqlərin reklamlarının sayı 11 000-i keçib.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...