Meta ICE agentlərinin adlarını paylaşan sayta keçidləri blokladı
Təhlükəsizlik
28.01.2026
Ilhama
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Meta şirkəti ABŞ-də Miqrasiya və Gömrük Xidməti (ICE) və Sərhəd Mühafizəsi (CBP) əməkdaşları ilə bağlı məlumatları toplayan ICE List adlı veb-sayta aparan keçidləri öz platformalarında bloklamağa başlayıb. Bu addım barədə ilk olaraq Wired nəşri məlumat yayıb.
ICE List özünü “ABŞ-də miqrasiya nəzarəti ilə bağlı fəaliyyətləri sənədləşdirən müstəqil ictimai arxiv layihəsi” kimi təqdim edir. Sayt ICE, CBP və Daxili Təhlükəsizlik Nazirliyinə (DHS) bağlı qurumların əməkdaşlarının adlarını, hadisələri, obyektləri və nəqliyyat vasitələrini qeyd edir. Layihənin məqsədi bu məlumatların dağınıq və ya əlçatmaz qalmasının qarşısını almaqdır.
Lakin saytın minlərlə agentin adını paylaşması Meta-nın müdaxiləsinə səbəb olub. Wired yazır ki, saytın yaradıcıları məlumatların bir hissəsinin “sızma” yolu ilə əldə edildiyini iddia etsə də, aparılan araşdırma siyahının əsasən LinkedIn kimi açıq mənbələrdə paylaşılan ictimai profillərə əsaslandığını göstərib.
Paylaş