Meta-nın AI layihəsi işçilərin şəxsi yazışmalarını ifşa edib
Təhlükəsizlik
23.06.2026
Sevinj
Meta işçilərinin klaviatura və mouse hərəkətlərini izləyərək süni intellekt modellərini təkmilləşdirmək üçün istifadə etdiyi proqramı müvəqqəti dayandırıb. Səbəb isə sistemin şirkət daxilində həssas məlumatların sızmasına yol açmasıdır.
Meta-nın Model Capability Initiative (MCI) adlı proqramı əməkdaşların kompüter fəaliyyətlərini qeydə alırdı. Toplanan məlumatlar arasında şəxsi söhbətlər, performans göstəriciləri və müxtəlif yazışmaların transkriptləri də var idi. Lakin şirkətin bildirdiyi məxfilik tədbirlərinə baxmayaraq, bu məlumatların bir hissəsi səhvən Meta-nın bütün əməkdaşları üçün əlçatan olub. Hadisə nəticəsində minlərlə işçinin həssas məlumatlarının daxili sistemlərdə görünə bildiyi ortaya çıxıb.
Meta sözçüsü bildirib ki, hazırda məlumatların əməkdaşlar tərəfindən sui-istifadə edildiyinə dair sübut yoxdur. Buna baxmayaraq, şirkət araşdırma aparıldığı müddətdə proqramın fəaliyyətini dayandırmaq qərarına gəlib. Bu hadisə Meta-nın süni intellekt layihələri ilə bağlı son aylarda yaşadığı təhlükəsizlik problemlərinin davamı hesab olunur. Şirkət daha əvvəl də AI agentinin gözlənilməz davranışı nəticəsində yaranan təhlükəsizlik insidenti və Instagram hesablarının AI dəstək sistemi üzərindən ələ keçirilməsi halları ilə gündəmə gəlmişdi.
Paylaş