Logo
    main-post-cover

    Microsoft-un son Windows yeniləməsi yeni problemlərlə gündəmdədir

        Microsoft-un iyun ayında yayımladığı növbəti Patch Tuesday yeniləməsi təhlükəsizlik baxımından rekord nəticə göstərsə də, istifadəçilər üçün bir sıra yeni problemlərə səbəb olub. İyunun 9-da təqdim edilən KB5094126 yeniləməsi ümumilikdə 208 təhlükəsizlik boşluğunu aradan qaldırıb. Lakin yeniləmədən sonra həm fərdi, həm də korporativ istifadəçilər müxtəlif sistem xətaları ilə üzləşməyə başlayıblar. Ən çox diqqət çəkən problemlərdən biri Windows-un Zibil Qutusu (Recycle Bin) funksiyası ilə bağlıdır. İstifadəçi faylı tam silmək istədikdə, təsdiqləmə pəncərəsində faylın adı əvəzinə sistem tərəfindən yaradılan daxili identifikator görünür. Nəticədə istifadəçi hansı faylı sildiyini dəqiq müəyyənləşdirə bilmir. Microsoft bu problemi təsdiqləyib və düzəlişin iyulun 14-də yayımlanacağını açıqlayıb.
    Microsoft Releases June 2026 Patch Tuesday Updates
        Bununla yanaşı, daha ciddi nasazlıqlar da qeydə alınıb. Bir sıra korporativ noutbuklarda yeniləmədən sonra sistem birbaşa BitLocker bərpa ekranına düşür. Xüsusilə HP EliteBook, HP ProBook və bəzi Dell Precision modellərində müşahidə edilən problem bəzi cihazların istifadəsini faktiki olaraq mümkünsüz edib. Bərpa açarına sahib olmayan istifadəçilər cihazlarına giriş əldə etməkdə çətinlik çəkirlər. Digər şikayətlər isə OneDrive xidmətinin domenə qoşulmuş kompüterlərdə işləməməsi, sistemin açıldıqdan qısa müddət sonra donması, lokal şəbəkə əlaqəsinin pozulması və müxtəlif biznes proqramlarında uyğunluq problemlərinin yaranması ilə bağlıdır.
        Yeniləmə ətrafında yaranan problemlər sosial şəbəkələrdə və forumlarda yeni müzakirələrə də səbəb olub. Bəzi istifadəçilər Microsoft-un süni intellekt vasitəsilə daha çox kod yazdırmasının proqram təminatının keyfiyyətinə mənfi təsir göstərdiyini iddia edirlər. Hazırda Microsoft yalnız Recycle Bin problemi ilə bağlı rəsmi açıqlama verib. BitLocker, OneDrive və digər nasazlıqlar isə hələlik şirkətin rəsmi sənədlərində qeyd olunmayıb.
    Paylaş