Logo
    Mütəşəkkil qruplar ABŞ-də 100 milyon dollardan çox texnoloji yük oğurlayıb

    Mütəşəkkil qruplar ABŞ-də 100 milyon dollardan çox texnoloji yük oğurlayıb

        ABŞ-də məlumat mərkəzləri üçün avadanlıq daşıyan yük maşınları mütəşəkkil cinayət qruplarının yeni hədəfinə çevrilib. 2026-cı ilin iyunundan bəri daşınma zamanı 100 milyon dollardan çox (170 milyon manatdan çox) kompüter və başqa avadanlıq oğurlanıb. Cinayətkarlar onlayn hesabları sındırır, saxta mesajlarla məlumat oğurlayır və GPS siqnallarını saxtalaşdırırlar.
        Ən böyük oğurluqlardan biri 2026-cı ildə Reno şəhərində baş verib. Hadisə zamanı 38 milyon dollarlıq (təxminən 64,6 milyon manat) yük yoxa çıxıb. Eyni şəhərdə 2025-ci ilin iyulunda 15 milyon dollarlıq (təxminən 25,5 milyon manat) yarımkeçirici və “Apple” məhsulları oğurlanmışdı. 2026-cı ilin iyununda Mojave səhrası yaxınlığında 13 milyon dollarlıq (təxminən 22,1 milyon manat) avadanlıq ələ keçirilib. Texasa gedən marşrutda oğurlanan yükün dəyəri isə 10 milyon dollar (təxminən 17 milyon manat) olub.
        Oğurlanan yüklər arasında serverlər, fiber-optik və mis kabellər, RAM modulları, yaddaş qurğuları, routerlər və server rəflərinin hissələri var. Süni intellekt sistemləri üçün hazırlanmış bəzi serverlərdə GPU-ların, yəni qrafik prosessorların olduğu da ehtimal edilir. Mis də bahalı olduğuna görə cinayətkarların hədəfinə çevrilib. Oğurlanan qoşqulardan birində 300 min dollarlıq (təxminən 510 min manat) mis olub.
        Cinayətkarlar əvvəlcə yük brokerlərinin və daşıyıcıların onlayn hesablarına girirlər. Beləliklə, yük sənədlərini və daşınma cədvəllərini görə bilirlər. Daha sonra özlərini daşıma şirkətinin əməkdaşı kimi göstərirlər. Mövcud yükü izləyir və ya saxta sifariş yaradırlar. Nəticədə qiymətli avadanlıq daşıyan yük maşını qanuni daşıyıcı adı altında təhvil alınır.
        Bəzi oğurluqlar zamanı müşayiət avtomobilləri qəsdən vurulub və yük maşınının uzaqlaşmasına şərait yaradılıb. Belə hallarda sürücünün də cinayətkarlarla əlbir olduğu ehtimal edilir. Süni intellektlə hazırlanmış saxta şəxsiyyət sənədləri və işə qəbul zamanı zəif yoxlama yad şəxslərin yük maşınlarını idarə etməsini asanlaşdırır. Başqa bir hadisədə qoşqudakı GPS mayakının siqnalı təqlid olunaraq sistemə saxta koordinatlar göndərilib.
        Oğurlanan avadanlığın hamısı ikinci əl bazarında satılmır. Bəzi qruplar oğurluqdan əvvəl xaricdə alıcı tapırlar. Hüquq-mühafizə orqanları yüklərin ABŞ-nin süni intellekt texnologiyalarına sərt ixrac məhdudiyyətləri qoyduğu ölkələrə, o cümlədən Çinə aparıldığını düşünür. “Verified Carrier” Hindistan, Özbəkistan, Pakistan, Kolumbiya və Moldovada ABŞ-dəki yük oğurluqları ilə bağlı şübhəli fəaliyyət aşkarlayıb. Hesablamalara görə, oğurlanan hər 10 yükdən 6-sı və ya 7-si xaricə aparılır.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...