Matiks oyun tətbiqi 13 qatdan çox böyüyüb, 17 milyon manat sərmayə alıb
Hindistanın oyun şirkəti “Matiks” platformasını böyütmək üçün 10 milyon dollar (17 milyon manat) cəlb edib. A seriyasından əvvəlki investisiya turuna “General Catalyst” rəhbərlik edib. Sahibkar Ronnie Screwvala, “Info Edge Ventures”, “Tanglin Venture Partners” və “Untitled Ventures” də tura qoşulub. Bununla şirkətin indiyədək topladığı ümumi sərmayə 13,5 milyon dolları (təxminən 22,95 milyon manat) keçib.
Riyaziyyat, məntiq və yaddaş oyunlarının olduğu “Matiks” tətbiqi 2 ildir işləyir. Lakin əsas artım bu il olub. Gündəlik istifadəçi sayı ilin əvvəlində 22 min idi, sentyabrda isə 300 mini keçib. Həmin ay tətbiqin aylıq aktiv auditoriyası 2,2 milyon nəfərə çatıb. İstifadəçi sayındakı bu artım investorların platformaya marağını artırıb.
“Matiks”i universitet dostları Sudhanshu Bhatia, Mohan Kumar və Sushant Timmapur yaradıblar. Tətbiqdə riyaziyyat, tapmaca, yaddaş və məntiq mövzularında qısa oyunlar var. İstifadəçilər əvvəlcə məşq üçün kompüterin idarə etdiyi rəqiblərlə, daha sonra real oyunçularla yarışa bilirlər. Tapşırıqları yerinə yetirdikcə xal toplamaq, ardıcıl oyun seriyasını qorumaq və yeni oyunları açmaq olur.
Şirkət indiyədək əsas diqqəti auditoriyanı böyütməyə ayırıb. Bu ay isə abunə modelini sınaqdan keçirməyə başlayıb. Abunəçilər oyunların təhlilinə, məsləhətlərə, məşqlərə və əlavə funksiyalara giriş əldə edirlər. Oyundaxili ödənişlə bəzi tapşırıqları keçmək, oyun seriyasını qorumaq və təcrübə göstəricisi olan XP xallarını artırmaq olur. İstifadəçilərin çoxu Hindistandadır, amma ABŞ, Cənubi Koreya və Yaponiyada da tətbiqə maraq artır.
“Matiks” süni intellektlə oyun hazırlamaq üçün “Jelo” adlı sınaq platformasını da çıxarıb. Burada istifadəçilər öz oyunlarını yaradıb başqaları ilə paylaşa bilirlər. Bu sahədə “Google”ın “Playground” platforması da daxil olmaqla bir çox rəqib var. 41 tamştatlı əməkdaşı olan şirkət yeni sərmayəni “Jelo”nu böyütməyə və yeni bazarlara çıxmağa xərcləyəcək. Vəsait həmçinin Cənubi Koreya və Yaponiya üçün yerli versiyaların hazırlanmasına ayrılacaq.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...